Amnesty International təşkilatının yaydığı hesabatda Pandemiya dövründə bir çox ölkələrdə polisin tətbiq etdiyi gərəksiz gücə diqqət çəkilib. Eyni zamanda, təşkilat Türkiyədə 510 nəfərin sosial şəbəkələrdəki statuslarına görə saxlanılmalarını ifadə azadlığının pozuntusu kimi dəyərləndirib.
Hüquq müdafiəçiləri deyir ki, pandemiya müddətində bir çox ölkələrdə polisin gərəkdiyindən artıq güc istifadəsi müşahidə edilir və bu, təkcə insan haqları pozuntusu ilə nəticələnmir, eyni zamanda ciddi sağlamlıq problemlərinə də səbəb olur.
60 ölkəni əhatə edən hesabata görə, saxlamalar, hüquqa zidd başqa davranışlar, basqınlar və barışcıl aksiyalara müdaxilələr olub.
Hesabatda o da qeyd olunub ki, Türkiyədə mart və may ayında sosial şəbəkələrdə yazdıqları "provokativ" statuslara görə saxlanılan 510 şəxsin saxlanılması ifadə azadlığına ziddir.
Hesabatda İranda türmələrdə Covid-19 səbəbindən artan ölümlərə etiraz edən bir qrup aksiyaçıya qarşı gözyaşardıcı qazdan və silahdan istifadə edildiyi, ölən və yaralananların olduğu bildirilib.
Hesabatda qeyd olunub ki, Kenyada küçəyə çıxmaq qadağası tətbiq olunduqdan sonra, ən azı 7 nəfər polis tərəfindən öldürülüb, 16 nəfər yaralanıb. Anqolada da İyul və may ayları arasında 7 gəncin öldürüldüyü qeyd olunub.
Slovakiyada bir Roman düşərgəsinin hərbiçilər tərəfindən karantinə alınması, bu azlığa qarşı cəmiyyətdə önyarqılı baxışların artıracağına səbəb olacağı qeyd olunub. Sənəddə Venesuela, Uqanda, Şri-Lankada polislərin Covid-19 tədbirləri çərçivəsində evsizlərə, miqrantlara və LGBT üzvlərinə qarşı irqçi və pis davranış sərgilədiyi qeyd olunub.
Amnesty International Almaniyanın hətta pandemiya dövründə də demokratik prinsiplərə sadiq qalmalı olduğunu xatırladan hesabatda qeyd edib ki, "Sanksiyalar ən axırıncı həll üsulu olmalıdır".
Təşkilat pandemiya müddətində insan hüquqları ilə bağlı məhdudiyyətlərin ancaq sağlamlıq və milli təhlükəsizlik problemləri yarandıqda tətbiq oluna biləcəyini xatırladıb.