Prezidentin açılışını etdiyi “Aghdam City Hotel” öz ailə şirkətinə məxsus imiş

Prezidentin açılışını etdiyi “Aghdam City Hotel” öz ailə şirkətinə məxsus imiş Foto: President az
20 Sentyabr 2024
Mətni dəyiş

10-a yaxın otel şəbəkəsi “PMD Group” MMC-nin çətiri altında fəaliyyət göstərir

Sentyabrın 19-da ölkə başçısı İlham Əliyev oğlu Heydər Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edib. 

Səfər 2023-cü ilin sentyabrında baş verən hərbi əməliyyatların birinci ildönümünün tamamına təsadüf edib. 

Ölkə başçısı Ağdam şəhərinə səfəri çərçivəsində “Aghdam City Hotel” kompleksinin açılışını edib. 

“Aghdam City Hotel”in təməli 4 oktyabr 2022-ci ildə qoyulub. Ölkə başçısı İlham Əliyev və xanımı, birinci vitse-prezident Mehriban Əliyeva da təməlqoyma mərasimində iştirak ediblər. 130 nömrədən ibarət olan 5 mərtəbəli oteldə restoranlar, fitnes və spa mərkəzi, iclas və banket zalları var.

Bəs yeni açılışı edilən “Aghdam City Hotel”dən kim qazanacaq? Abzas Media bunu araşdırıb. 

Rəsmi dövlət sənədlərindən aydın olur ki, son 1 il ərazində ölkədə “Aghdam City Hotel” adlı MMC qeydiyyata alınmayıb. Yəni otelin rəsmi adı fərqlidir. “Aghdam City Hotel” dövlət qeydiyyatına bu il iyulun 12-də “Yeni Ağdam Hotel Company” MMC adı ilə alınıb.  

MMC-nin huquqi təmsilçisi isə Türkiyə vətəndaşı Murat Kodandır. Türkiyə mətbuatına nəzər saldıqda məlum olur ki, Murat Kodan Türkiyədə otelçilik sahəsində tanınan şəxslərdəndir. O, Türkiyənin “Martı Hotels & Marinas” otelinin rəhbərliyində təmsil olunub. Hazırda orada işləyib-işləməməsilə bağlı məlumat yoxdur. 

Ancaq Murat Kodanın rəsmi “Linkedin” hesabına baxdıqda aydın olur ki, o, hazırda Azərbaycanın “PMD Hospitality” şirkətində fəaliyyət göstərir. 

“Aghdam City Hotel”in hələ tam istifadəyə verilməyən internet səhifəsində də marka olaraq “PMD Hospitality” qeyd olunur.

“PMD Hospitality” “PMD Group”un hissəsi olaraq 2016-cı ildə yaradılıb. Sonradan şirkət eyni brend altında ayrıca dövlət qeydiyyatına alınıb. Yəni “PMD Hospitality” MMC “PASHA Holding”in struktur bölməsində olan “PMD Group” MMC-nin turizm sektorunda fəaliyyət göstərən şirkətidir. 

Qeyd edək ki, “PASHA Holding” Azərbaycan prezidentinin ailə üzvlərinə məxsusdur. Bu holdinqin struktur bölməsində olan “PMD Group” MMC 2013-cü ildə yaradılıb. 

Hazırda şirkətin 3 oteli mövcuddur: “Chinar Hotel & Spa”, “Gashalti Health Hotel” və “Garabagh Resort&Spa”.
“PMD Group” MMC-nin isə saytında daha çox otel olduğu görünür. Otellər bölməsinə baxdıqda məlum olur ki, yuxarıda qeyd olunan otellərlə yanaşı “Dalga Beach Aquapark Resort”, “Lankaran Springs Wellness Resort”, “Paulaner Brauhaus”, “Qalaaltı Hotel & Spa”, “Shamahki Place Sharadil” otelləri də  “PMD Group” MMC-yə aiddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun