Məcburi köçkün evini kirayə verə bilməz?

Məcburi köçkün evini kirayə verə bilməz? Foto: Publika az
24 Sentyabr 2024
Mətni dəyiş

Səməd Rəhimli: “Dövlət buna görə mənzili onun əlindən ala bilməz

İşğaldan azad edilmiş ərazilərə köçürülmüş keçmiş məcburi köçkünlərin evlərini kirayə verməsi ictimai müzakirələrə səbəb olub. 

Bunu mülkiyyət hüququnun bir parçası hesab edənlərlə yanaşı, dövlətin verdiyi mənzillərin təyinatından sui-istifadə edilməsi halı kimi qəbul edənlər də var.

Məsələn, 120 Saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən deputat Ceyhun Məmmədov “pravda az”a deyib ki, insanlar dövlətin verdiyi evdə yaşamalıdırlar, bu, onların borcudur. 

"Yox, yaşamaq istəmirlərsə, onda evləri təhvil verməlidirlər", – deyə deputat əlavə edib.

Hüquqşünas Səməd Rəhimli  “Abzas Media“ya açıqlamasında deputatın iddiasının əsassız olduğunu bildirib:

"Görünür, deputatın qanundan xəbəri yoxdur və nə danışdığını bilmir. Çünki danışdıqları absurddur".

Səməd Rəhimli qeyd edib ki, 1993-cü ildə qəbul olunan “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun və 1996-ci ildə qəbul edilən “Torpaq islahatı haqqında” Qanuna görə, mənzillər və vaxtilə dövlət mülkiyyətində olan torpaqlar vətəndaşların xüsusi mülkiyyətinə verilir:

“Bu qanunlar əsasında xüsusi mülkiyyətə verilmə prosesi tətbiq olundu. Ancaq “Torpaq islahatı haqqında” Qanunun 24-cü maddəsində qeyd olunub ki, işğal altında olan torpaqlarda yaşayan sakinlərin torpaqlarının xüsusi mülkiyyətə verilməsilə bağlı məsələ torpaqlar işğaldan azad olunandan sonra həll olunsun. İndi isə evlər tikilir, məcburi köçkünlərin köçürülməsi prosesi gedir”.

Səməd Rəhimli deyir ki, torpaqların vətəndaşların mülkiyyətinə verilməsi qanunda açıq yazıldığı üçün, geriyə addım atıla bilməz.

“Ona görə də mənzillər tikilir və vətəndaşlara verilir. Bu mənzillər üzərində sərəncamla bağlı xüsusi qaydalar ola bilər ki, sata bilərlər, ya yox. Amma mənzillərin necə istifadə edilməsi tamamilə vətəndaşlara bağlıdır. Yəni, kirayə verməsi vətəndaşın özünün biləcəyi işdir, dövlət mənzili ondan geri ala bilməz”, – deyə Səməd Rəhimli vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun