“Human Rights Watch”: “COP29-da iştirak edən hökumətlər insan haqlarına dair öhdəliklərini yerinə yetirməlidirlər”

“Human Rights Watch”: “COP29-da iştirak edən hökumətlər insan haqlarına dair öhdəliklərini yerinə yetirməlidirlər” Foto: Human Rights Watch
24 Sentyabr 2024
Mətni dəyiş

Azərbaycan hökuməti BMT-nin iqlim konfransından əvvəl jurnalist və vətəndaş cəmiyyətinə göstərdiyi üzünmüddətli təzyiqlərə və təqiblərə görə beynəlxalq insan haqları təşkilatlarının tənqidlərilə üzləşib

“Birləşmiş Millətlər Təşkilatının 29-cu illik İqlim Dəyişikliyi Konfransı –  COP29-da iştirak edən hökumətlər insan haqları öhdəliklərini yerinə yetirməlidirlər”.

“Human Rights Watch” təşkilatının bu gün yayımlanan sual-cavab sənədində belə deyilir.

 “Artıq üçüncü ildir ki, COP söz və sərbəst toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətdə keçirilir. Azərbaycanda  keçiriləcək COP29-da iştirak edən hökumətlər ədalətli və iddialı iqlim fəaliyyəti üçün tənqidi səslərin vacibliyinə dair aydın mesaj verməyə hazır olmalıdırlar”, –  deyə “Human Rights Watch” təşkilatının ətraf mühit üzrə baş müdafiəçisi Mirto Tilianaki deyib.

Təşkilatın yaydığı bəyanatda qeyd edilib ki, avtoritar Azərbaycan hökuməti müxalif düşüncəni qəbul etmir. Belə ki, son aylarda müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalar həyata keçirir.

“Qeyri-qanuni olaraq saxlanılanlar arasında Azərbaycanın neft və qaz sektorunu tənqid edən bir korrupsiya əleyhinə fəal və COP29-dan əvvəl vətəndaş azadlıqları və ekoloji ədalət uğrunda təşəbbüsün təsisçilərindən biri olan insan hüquqları müdafiəçisi də var”.

“Human Rights Watch” onu da bəyan edib ki, Azərbaycan hökumətinin müstəqil aktivizmə qarşı düşmənçiliyi vətəndaş cəmiyyətinin COP29-da iştirak edə biləcəyi və konfransdan sonra Azərbaycanda ekoloji fəallığın nə dərəcədə həyata keçiriləcəyi ilə bağlı narahatlıqları artırır.

Neft və qaz gəlirləri Azərbaycanın 2022-ci il dövlət büdcəsinin 52 faizini, ixrac gəlirlərinin isə təxminən 90 faizini təşkil edib. Apreldə COP29-a hazırlıqla bağlı yüksək səviyyəli görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı bazarının tələblərinə cavab olaraq qaz hasilatını genişləndirmək planlarını açıqlayıb.

“Hökumətlər Azərbaycanın COP29-un ev sahibi kimi öz statusundan bərpa olunan yanacaqların istifadəsini artırmaq və iqlim böhranı ilə mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri zəiflətmək üçün istifadə etməsinə icazə verməməlidirlər”, – deyə Mirto Tilianaki vurğulayıb.

COP29 konfransı bu il noyabrın 11-dən 22-dək paytaxt Bakıda keçiriləcək. Sözügedən konfransa 2023-cü ildə BƏƏ, 2022-ci ildə Misir ev sahibliyi edib. Azərbaycan hökuməti jurnalist və vətəndaş cəmiyyətinə göstərdiyi üzünmüddətli təzyiqlərə və təqiblərə görə beynəlxalq insan haqları təşkilatlarının tənqidlərilə üzləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun