ABŞ xarici agentlər qanununa görə Gürcüstana 95 milyon dollarlıq yardımı dayandırıb

ABŞ xarici agentlər qanununa görə Gürcüstana 95 milyon dollarlıq yardımı dayandırıb Foto: Entoni Blinken/X platforması
2 Avqust 2024
Mətni dəyiş

ABŞ yardımın dayandırılmasını Gürcüstan hökumətinin “antidemokratik davranışları”, Qərb və Vaşinqton haqqında “yalan bəyanatları” ilə əsaslandırıb

Çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken Gürcüstan hökumətinin son addımlarının və bəyanatlarının “Aİ və NATO-ya üzvlük normalarına uyğun gəlmədiyini” əks etdirən bəyanat yayıb. Bəyanat mübahisəli xarici agentlər” haqqında qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl verilib.

Avqustun 1-dən etibarən gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən təşkilatlar 30 gün ərzində Ədliyyə Evinə müraciət etməli və xarici agentlərin məlumat bazasında qeydiyyatdan keçməlidirlər. Qanuna əməl etməkdən boyun qaçıran təşkilatlar yüksək məbləğdə cərimələnəcək və hökumət tərəfindən məcburi qeydiyyata alınacaq.

“Mayın 23-də Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Bu araşdırmanın nəticəsi olaraq, Birləşmiş Ştatlar birbaşa Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollardan çox yardımı dayandırır” , – Entoni Blinken yazıb.

“Ölkələrimiz və vətəndaşlarımız arasında mövcud olan 32 illik dostluq və tərəfdaşlıq dövründə ABŞ xalqı Gürcüstanın iqtisadiyyatının və demokratik təsisatlarının inkişafına və möhkəmlənməsinə töhfə verməklə 6,2 milyard dollardan çox yardım göstərib”, – deyə Blinken vurğulayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ demokratiya, qanunun aliliyi, müstəqil media və iqtisadi inkişafı gücləndirən proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcək və “gürcü xalqına və onun Avro-Atlantik məkana inteqrasiya istəklərinə sadiq qalacaq”.

İyulun əvvəlində ABŞ Müdafiə Nazirliyi “Birləşmiş Ştatlar-Gürcüstan ikitərəfli münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsi” çərçivəsində “Noble Partner” illik hərbi təlimini “qeyri-müəyyən müddətə” təxirə saldığını açıqlamışdı.

ABŞ bu qərarı verəndə Gürcüstan hökumətinin “ABŞ və digər Qərb təsisatlarına qarşı əsassız ittihamları”na istinad edib. Belə ki, hakim Gürcü arzusu partiyası və onun müttəfiqləri Qərb dövlətlərini Ukraynaya təzyiqi azaltmaq məqsədilə Rusiyaya qarşı ikinci cəbhə açması üçün Gürcüstana təzyiq göstərdiyini və hakim partiyaya qarşı iki çevriliş cəhdində iştirak etdiyini bildiriblər.

İyulun 8-də isə Avropa İttifaqı (Aİ)  xarici agent qanununun qəbul edilməsinə və insan haqlarına qarşı təzyiqlərə cavab olaraq Gürcüstana ayrılan 30 milyon avroluq (32 milyon dollar) hərbi yardımı dayandırıb.

“Fəlakətli nəticələr”

Gürcüstan rəsmiləri Blinkenin tənqidini qəbul etməyiblər. Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Levan Davitaşvili cümə axşamı jurnalistlərə verdiyi açıqlamada Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya yolundan  “birmənalı olaraq” yayınmadığını və 95 milyon dollarlıq maliyyənin təyinatından xəbərsiz olduğunu deyib.

“Mən sizə bu yardım haqqında konkret heç nə deyə bilmərəm. Söhbətin nədən getdiyini bilmirəm”, –  Davitaşvili bildirib.

“Bizim üçün Qərblə yaxınlaşma və tərəfdaşlıq həmişə olduğu kimi aktual olaraq qalır. Buna görə də, əlbəttə ki, biz ABŞ-la sıx əməkdaşlığa böyük əhəmiyyət veririk”, –  deyə Davitaşvili vurğulayıb.

Hakim partiyanın deputatı Beka Davituliani bu addımın oktyabrda keçiriləcək parlament seçkiləri öncəsi iğtişaşları gücləndirmək məqsədi daşıdığını irəli sürüb.

“Gürcüstan dövlətinə yardım məqsədilə ayrılan 95 milyon dollar indi dayandırılıb, lakin mən sizə deyirəm ki, seçkilərə qədər daha çox şey olacaq. Seçkilər öncəsi gərginlik yaranacaq”, – Davituliani bildirib.

Vahid Milli Hərəkat Partiyasından olan deputat Gia Caparidzenin sözlərinə görə, müxalif siyasətçilər “fəlakətli nəticələr”ə görə məsuliyyətin hakim Gürcü arzusu partiyasının üzərində olduğunu bəyan ediblər və başqa nəticələrin də olacağı barədə xəbərdarlıq ediblər.

Müxalifətçi “Avrooptimistlər parlament qrupunun sədri Roman Qotsiridze bildirib ki, Avropa İttifaqı, Almaniya, Danimarka və ABŞ daxil olmaqla, ölkə və təşkilatların yardımını dayandırması “artıq domino effekti şəklini alır”.

“Bütün demokratik dünya Gürcüstanla maliyyə münasibətlərini dayandıracaq”, – deyə Qotsiridze xəbərdarlıq edib. “Bunun fəlakətli nəticələri olacaq,  Gürcüstanın Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi dövlət və bütün infrastruktur layihələrinin qaynağı olan beynəlxalq maliyyə təşkilatlarından təcrid olunması davam edəcək”.

“Bu, işsizliyə, ölkənin boşalmasına, qiymətlərin artmasına və iqtisadiyyatın çökməsinə səbəb olacaq”.

Hökumət aylarla davam edən gərgin etirazlar və tənqidlərin ardından mayın 28-də xarici agentlər haqqında qanunu qəbul etdikdən sonra dövlət rəsmiləri qlobal müharibə tərəfdarlarının Gürcüstanda sabitliyi pozmaq və Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istədiyini iddia etməyə başlayıblar.

Rəsmilər gizli quruluşun Qərbə nəzarət etdiyini və bütün dünyada müharibəyə şərait yaratdığını, eləcə də bəzi qruplaşmalarla ABŞ-ı əlaqələndirdiyini bildiriblər.

Hakim Gürcü arzusu partiyası ilə müttəfiqləri qlobal müharibə tərəfdarları sırasında yer alanların adlarını açıqlamayıb. ABŞ, yaxud Avropanı nəzərdə tutmadıqlarını deyən hökumət rəsmiləri bununla belə sözügedən maraq dairələrinin həm ABŞ, həm də Avropa üzərində böyük təsir gücünə malik olduğunu iddia ediblər.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun