Nərgiz Absalamovanın həbsinin ikinci dəfə uzadılmasından verilən apellyasiya şikayəti təmin edilməyib

Nərgiz Absalamovanın həbsinin ikinci dəfə uzadılmasından verilən apellyasiya şikayəti təmin edilməyib Foto: sosial media
3 İyun 2024
Mətni dəyiş

Yerli məhkəmələr bu iş üzrə verilən bütün şikayətləri və vəsatətləri 5 dəqiqəlik iclaslarla sistemli şəkildə rədd edir

“Abzas Media işi” üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın həbsinin ikinci dəfə uzadılmasından verilən apellyasiya şikayəti təmin edilməyib.

"Abzas Media"ya bu barədə onun vəkili Rövşanə Rəhimli məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə həbsin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin 25 may tarixli qərarı qüvvədə saxlanılıb.

Mayın 25-də Absalamovanın istintaq dövrü üçün həbs müddəti daha 22 gün uzadılıb. Bundan əvvəl fevralın 24-də onun həbs müddəti 3 ay artırılmışdı.

Nərgiz Absalamova ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 2 dəfə uzadılıb.

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən “Abzas Media”nın rəhbərliyi və əməkdaşları ötən ilin noyabrından etibarən “qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər. Hazırda media qurumunun 6 üzvü həbsdədir.

Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun