Bakının yeni binalarında “komendant hökmranlığı”

Bakının yeni binalarında “komendant hökmranlığı” Foto: sosial media
3 İyun 2024
Mətni dəyiş

Hüquqşünas deyir ki, bina təsərrüfatlarını inşaat şirkətlərinin təyin etdiyi “komendant”lar yox, mənzil sahibləri özləri idarə etməlidir

Azərbaycanda xüsusilə son illərdə tikilən yaşayış binalarının idarəçiləri binanı tikən şirkətlərin təyin etdiyi şəxslər olur.

“Komendant” adlanan bu şəxslər binada lift və avtomobil dayanacağı istifadəsindən tutmuş, qapılara quraşdırılan “domofon”lar üçün aylıq ödənişləri yığırlar. Bir qayda olaraq isə illik gəlirlərin və xərclərin hesabatları açıqlanmır.

Bu isə aylıq ödənişlərdən əlavə sonradan “təmir xərcləri” adı ilə bir iş üçün bir neçə dəfə pul yığılmasına səbəb olur ki, sakinlər də bundan narazılıq edirlər.

Məsələn, "Abzas Media"ya danışan Həsən Məmmədov (ad-soyad şərtidir) deyir ki, o, 2023-cü ilin avqustunda Nəsimi rayonu İmran Qasımov küçəsində yerləşən yeni tikili binadan mənzil alıb. Bu mənzili alması ilə barabər aylıq büdcəsinə əlavə xeyli ağır yük gəlib.

“Bina çox yeni və qəşəng idi, yeri, yaşayış şərtləri də uyğun idi deyə, mənzili alanda başqa tərəfləri çox da düşünmədim. Alanda komendant-filan yox idi. Evə köçəndə hələ əşyaları yığmamış gəldi, məlum oldu ki, ayda heç nədən 90-100 manat pul verməliyəm”, - o bildirir.

H.Məmmədov deyir ki, əvvəlcə çətin də olsa məcburiyyətdən hər ay pul ödəyib. Ancaq bir müddət sonra məlum olub ki, binada hansısa təmir işləri olanda əlavə pul yığılır.

“Elə olub ki, 4 ay ərzində lift üçün 2 dəfə pul yığılıb. Hansı ki, təzə liftdir. Artıq tez-tez komendantla mübahisələr olur və bir neçə qonşu birləşib məhkəməyə vermək istəyirik”, - deyə o əlavə edib.

Hüquqşünas Əkrəm Həsənov əvvəllər binalarda “komendant sistemi”nin olmasını hüquqi baxımdan mübahisələndirib və digər ümumi fəaliyyətlər göstərib. O deyir ki, Azərbaycanın Mənzil Məcəlləsinə görə, binanın idarə edilməsini sahə (mənzil) mülkiyyətçiləri özləri müəyyən etməlidirlər.

“Ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradıb özləri idarə etməlidirlər, ya da kənar idarəçi təyin etməlidirlər. Aylıq nə qədər pul yığılmalıdır, nə qədər xərclənməlidir, buna da özləri qərar verməlidirlər. Özləri etmədikləri təqdirdə isə idarəçiləri bələdiyyə təyin edir. Ancaq tikinti şirkətinin təyin etdiyi komendant-filan - hamısı qanunsuzdur. Onları ordan qovmaq lazımdır.

Mən öz yaşadığım binada belə də etdim. Komendant çıxmırdı, məhkəməyə verdim, prosesi qazandım, gəlib çıxardılar. Xarici təcrübədə də belədir. Bina mülkiyyət hüququ olan mənzil mülkiyyətçilərinindir. Təəssüf ki, bizdə insanlar passivdirlər və haqlarını bilmirlər”, - Əkrəm Həsənov deyir.

Mənzil Məcəlləsinin müvafiq maddələrinə görə, çoxmənzilli binaların idarə edilməsi və idarə edəcək şəxslərin müəyyən edilməsi bu binalarda mülkiyyət sahibi olan şəxslərin hüququdur.

Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.

Qanuna görə, çoxmənzilli binaları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti idarə edir.

Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır.

Maddə 122.1.1. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ var.

Hüquqşünas deyir ki, Azərbaycanda komendantları əsasən tikinti şirkətləri təyin edir. O da sakinlərdən istədiyi qədər pul yığır və yığılan vəsaiti tam olaraq binaya sərf etmir:

“Xeyli hissəsini cibinə qoyur. Belə olduqda isə binada idarəetmə bərbad olur, bina köhnəlir və komendant heç sakinləri də saymır. Qanuna görə, binanın idarəçisi ildə bir dəfə maliyyə hesabatı verməlidir. Hər şey şəffaf olmalıdır. Nə qədər pul yığıldı, kimlərdən yığıldı, hara üçün istifadə olundu, açıqlanmalıdır. Şəffaf olanda pul binaya xərclənir, kiminsə cibinə getmir”, - deyə Ə.Həsənov bildirib.

Məsələ ilə bağlı açıqlama almaq üçün Bakı Şəhər İcra Hakimiyyətilə (BŞİH) əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.

Bakıda isə çoxmənzilli binalarda əsasən komendant idarəçiliyi sistemi davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun