Hüquq müdafiəçisi, “Müdafiə xətti" hüquq- müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər sentyabrın 6-da Almaniya Xarici İşlər Nazirliyində Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Benedikt Qöbellə görüşüb.
Almaniyadan deportasiya olunan siyasi mühacirlərin həbsi fonunda keçirilən görüşdə Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyət, təqiblər və həbslər müzakirə edilib.
Zaur Əkbər alman diplomatların nəzərinə çatdırıb ki, 2021-ci ilin oktyabrından Almaniyadan deportasiya olunmuş ən azı 8 fəal Azərbaycanda uydurma ittihamlarla həbs edilib.
“Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndələri narahatlığı bölüşərək qeyd etdilər ki, öz təkliflərini ölkənin regional hakimiyyətlərinə göndəriblər. Bildirdilər ki, Azərbaycandakı ictimai-siyasi vəziyyətlə, insan hüquqlarının vəziyyətindən məlumatlıdırlar. Həm KİV-dən, həm hüquq müdafiçilərindən, həm də Bakıdakı səfirlikdən məlumat alırlar. Əlavə etdilər ki, Azərbaycan hökumətilə də danışıqlar aparılır”, - deyə Zaur Əkbər bildirib.