İki erməni hərbçisi mühasirədən azad edilib
Ermənistan rəsmiləri indiyədək hərbçilərinin mühasirəyə alınması barədə məlumat verməsə də, iki erməni hərbçi Azərbaycan mühasirəsindən azadlığa çıxıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadlıq Radiosunun erməni xidmətinə verilən məlumatda belə deyilir.
İnternetdə Cermukda onların necə qarşılandığını, hərbçilərdən birinin çətinliklə yeridiyini əks etdirən video yayımlanıb.
“9 gün mühasirədə olan kapitan Artyom Gevorkyan və kiçik serjant Arman Pilosyan mühasirədən çıxarılıb”, - Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan bildirib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, təxminən 10 gündür ki, mühasirəyə alınan Azərbaycan silahlı dəstəsi Cermuk sektorundan geri çəkilmir. Son döyüşlər zamanı Azərbaycanın ən böyük irəliləyişi bu istiqamətdə olub.
Ötən cümə günü Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi azərbaycanlı hərbçilərin bir neçə gün ərzində su və yemək təminatı gəlməsə, geri çəkilmək məcburiyyətində qalacaqları ilə bağlı proqnozlar verib. Müdafiə Nazirliyinin mətbuat katibi “geri çəkilmədilər” deyərək növbəti addımlar haqda əlavə məlumat vermədən gedib.
Rəsmi məlumata görə, azərbaycanlılar Cermukdan 4,5 kilometr aralıda olsalar da, Cermuk merinin müavini Vardan Sarkisyan bildirib ki, hərbi əməliyyatlar nəticəsində şəhəri tərk edən Cermuk sakinləri tədricən öz evlərinə qayıdırlar.
"Şəhər tədricən normal həyata qayıdır, banklar işə başlayıb, şəhəri tərk edən insanlar tədricən qayıdır, nəqliyyat tədricən işə başlayıb, məktəblər hələ işləmir", - Sarkisyan bildirib.
Sentyabrın 12-dən 14-dək Azərbaycanla Ermənistan arasında baş verən qarşıdurmadan sonra atəşkəs barədə razılıq əldə olunub.
Hər iki tərəfin bir-birini günahlandırdığı döyüşlər nəticəsində 200-dən çox hərbçi həlak olub.