Avqustun 31-də Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü baş tutub.
Görüşlə bağlı açıqlama verən Şarl Mişel bildirib ki, görüş əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub, Qafqazdakı vəziyyət və hər iki ölkə ilə Aİ-nin münasibətləri müzakirə edilib.
Açıq və məhsuldar görüşə görə hər iki liderə təşəkkür edən Şarl Mişel bildirib ki, görüşdə sülh sazişi, humanitar məsələlər, sərhəd və nəqliyyat infrastrukturu ətrafında uğurli müzakirələr olub.
“Bütün bu müzakirələrdə vurğulamaq istərdim ki, hər iki tərəfin əhalisini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir. İctimai mesajlaşma bu baxımdan həlledici əhəmiyyət kəsb edir - belə incə bir şəraitdə ictimai yerlərdə deyilən hər bir söz qarşı tərəf tərəfindən açıq şəkildə eşidilir və ölçülür. Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların xalqlarının rifahı naminə daha sürətli iqtisadi inkişafa təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”, - Mişel açıqlamasında bildirib.
Bununla bərabər, görüş ərəfəsində Rusiya xarici işlər naziri Sergey Lavrov da açıqlama verib. Lavrov bildirib ki, tərəflər Moskvada keçirilən görüşlərdə müxtəlif razılaşmalara gəliblər və bu razılaşmalar üzrə işlər uğurla davam edir.
Prezident Əliyev görüşlərdən sonra İtaliyaya işgüzar səfər edib.