Pentaqon: Müharibə başlayandan bəri 80 minədək rus hərbçisi ölüb və ya yaralanıb

Pentaqon: Müharibə başlayandan bəri 80 minədək rus hərbçisi ölüb və ya yaralanıb
9 Avqust 2022
Mətni dəyiş

Rusiya ordusunun Ukraynada ölən və yaralananlar arasında itkiləri müharibənin əvvəlindən 70-80 min nəfər təşkil edir. CNN xəbər verir ki, bu qiymətləndirməni ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal səsləndirib.

"Rusların altı aydan az müddətdə 70 və ya 80 min insan itirdiyini düşünməyə əsas var", Kal deyib. O vurğulayıb ki, söhbət həm ölənlərin, həm də yaralananların təxmini sayından gedir.

Kal bu cür itkiləri "əhəmiyyətli" adlandıraraq qeyd edib ki, Rusiya Ukraynanı işğal edərkən ölkə prezidenti Vladimir Putinin bəyan etdiyi məqsədlərin heç birinə nail olmayıb.

İyulun sonunda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns bildirmişdi ki, Rusiyanın Ukraynadakı itkiləri 15 min ölü, 45 minə yaxın yaralı təşkil edə bilər. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles aprelin sonunda Ukraynada 15 min rusiyalının öldüyünü bildirib.

Ukrayna Baş Qərargahının avqustun 8-də verdiyi məlumata görə, müharibə başlayandan bəri 42 mindən çox rus hərbçisi həlak olub.

Rusiya Ukraynanın işğalından sonra hərbi itkiləri barədə yalnız iki dəfə rəsmi məlumat verib. Martın 2-də Rusiya Müdafiə Nazirliyi 498 nəfərin öldüyünü, 1597 nəfərin yaralandığını, martın 25-də isə 1351 nəfərin öldüyünü və 3825 nəfərin yaralandığını açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun