Türkiyənin "Baykar" şirkəti Ukraynada qeydiyyatdan keçərək "Bayraktar" pilotsuz uçan aparatları istehsal edəcək zavodun tikintisi üçün torpaq sahəsi alıb. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar RBC-Ukraynaya müsahibəsində bildirib.
Kiyev və Ankara 2022-ci ilin fevral ayının əvvəlində Ukraynada "Bayraktar" pilotsuz uçan aparatlarının istehsalı zavodunun yaradılmasını nəzərdə tutan saziş imzalayıblar. Bununla yanaşı, iyulun ortalarında “Baykar”ın direktoru Haluk Bayraktar Türkiyənin heç vaxt öz pilotsuz təyyarələrini Rusiyaya tədarük etməyəcəyinə söz verib.
Səfir qeyd edib ki, şirkət zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirmək niyyətindədir, “çünki bu istehsalın Ukraynada aparılması şirkət sahiblərinin az qala şəxsi öhdəliyi idi”.
Onun sözlərinə görə, belə bir qərarın təkcə siyasi deyil, həm də praktiki əhəmiyyəti var. Çünki bu halda gələcək zavodda istehsal olunan modellərin əhəmiyyətli bir hissəsində Ukrayna istehsalı olan komponentlər olacaqdır.
"Bu, mühərriklər, digər ehtiyat hissələri, təkərlər, yüksək texnologiyalı və bu təyyarələr üçün istifadə edilə bilən bir çox müxtəlif şeylər ola bilər", Bodnar deyib.
Ukrayna Rusiya ilə müharibədə Türkiyənin "Bayraktar TB2" pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir. Pilotsuz təyyarə həm zərbə, həm də kəşfiyyat funksiyalarını yerinə yetirə bilir. Ukrayna "Bayraktar"dan ilk dəfə 2021-ci ildə döyüş meydanında istifadə edib.
Mayın sonunda Litvanın "Laisves TV" televiziya kanalı "Bayraktar"ın Ukrayna üçün alınması məqsədilə vəsait toplama kampaniyasına başlayıb. Telekanal 5,9 milyon avro toplaya bilib. Bununla belə, "Baykar" yığılan pulun Ukraynaya humanitar yardım üçün istifadə olunacağı, Ukrayna və Litva bayraqlarının rənglərinə boyanmış pilotsuz uçan aparatın hədiyyə ediləcəyi ilə bağlı ictimaiyyətlə razılaşıb.