ABŞ Rusiyanın yaxın vaxtlarda Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə yeni hücumlar etməyi planlaşdırdığına dair kəşfiyyat məlumatlarına malikdir. Bu barədə “Reuters” və “The New York Times” ABŞ rəsmilərinin bəyanatlarına istinadən yazır.
ABŞ hökuməti rəsmilərin təhlükə ilə bağlı narahatlıqlarını mümkün qədər geniş auditoriyaya çatdırmaq üçün kəşfiyyat xəbərdarlığının məxfiliyini ləğv etdiyini bildirib. Dövlət Departamenti bir daha ABŞ vətəndaşlarını hücum təhlükəsi ilə əlaqədar Ukrayna ərazisini dərhal tərk etməyə çağırıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də ukraynalılara xəbərdarlıq edib. Vətəndaşlardan Ukraynanın Müstəqillik Günündə xüsusilə diqqətli olmağa çağırılıb.
“Həm ölkə daxilində, həm də xaricdə raket zərbələri və digər təxribatlar təhlükəsi artır. Rusiya və Putin rejimi Ukraynanın müstəqilliyinə hücum etdi. Onlar həqiqətən tarixlər və simvollarla maraqlanırlar, buna görə də sığortalanmaq və Müstəqillik Gününə hücum ediləcəyinə hazır olmaq olduqca məntiqli olardı ", GUR-un nümayəndəsi Andrey Yusov milli telemarafonun efirində deyib.
Ukrayna avqustun 23-də Dövlət Bayrağı Gününü, 24-də isə Müstəqillik Gününü qeyd edir. Ukrayna prezidenti Volodimir Zelenski xalqa son müraciətində Rusiyanın bu günlərdə “xüsusilə iyrənc, xüsusilə qəddar bir şey etməyə cəhd edə biləcəyi” barədə xəbərdarlıq edib.
Kiyevdə bütün həftə ərzində kütləvi tədbirlər qadağan edilib. Bildirilib ki, Kiyevin hökumət prospektində yerləşən qurumların əməkdaşlarına avqustun 22-dən 26-dək evdən işləmək tövsiyə olunub. Şəhər polisi Kiyev xalqından avqustun 23-dən 25-dək hava hücumu siqnallarına xüsusilə diqqətli yanaşmağı xahiş edib.