Human Rights Watch Rusiya və Ukraynaya xəbərdarlıq edib

Human Rights Watch Rusiya və Ukraynaya xəbərdarlıq edib
21 İyul 2022
Mətni dəyiş

Rusiyanın Ukrayna müharibəsində indiyədək verdiyi itki sayı 15 minə yaxınlaşır, 45 min yaralı ola bilər. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns Vaşinqtonda deyib

Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirir ki, həm Rusiya, həm də Ukrayna döyüş əməliyyatları zamanı sakinləri köçürmədən mülki ərazilərdə hərbi bazalar qurmamalıdır.

Nyu-Yorkda yerləşən təşkilat iyulun 21-də bu haqda hesabat yayıb. Hesabatda deyilir ki, Ukraynadakı müharibədə hər iki tərəf məskunlaşmış ərazilərdə qüvvələrini yerləşdirməklə dinc sakinlərə gərəksiz risk yaradıblar. Qurum tərəfləri əvvəlcə dinc sakinləri daha təhlükəsiz yerlərə köçürməyə çağırır. Beynəlxalq humanitar hüquqa görə, münaqişə tərəfləri dinc sakinlərin qorunması üçün bütün mümkün ehtiyat tədbirlər görməlidirlər.

HRW Rusiya qüvvələrinin məskunlaşmış ərazilərdə hərbi bazalar qurmasıyla bağlı dörd, Ukrayna tərəfin oxşar addımıyla bağlı üç halı sənədləşdirib. Qurum bildirir ki, bu bazalara hücumlar nəticəsində dinc sakinlər öldürülüb, yaralanıb.

HRW hər iki ölkənin müdafiə nazirliklərinə yazaraq silahlı qüvvələrinin dinc sakinlər arasında itkilərin azaldılması üçün hansı tədbirlər görüldüyünü soruşub. Ancaq tərəflərdən heç birindən cavab gəlməyib.

Ötən gecə Rusiya qüvvələri Zaporojyedən cənubda yerləşən Nikopol yaşayış məskənini atəşə tutub, azı iki mülki şəxs öldürülüb, doqquzu, o cümlədən bir neçə uşaq yaralanıb. Məlumatı rəsmi Kiyev iyulun 21-də yayıb. Ukrayna qüvvələrinin ölkənin cənubunda və şərqində qarşı tərəfin 100-dən çox əsgərini öldürdüyü bildirilir.

Ukrayna ordusu şərqdə cəbhə xəttini Rusiyanın intensiv atəşə tutduğunu, ancaq Rusiya quru qüvvələrinin irəliləmək cəhdlərinin əsasən alınmadığını qeyd edir.

Qismən tutulmuş Zaporojye vilayətində Rusiyanın təyin etdiyi administrasiya isə bildirir ki, Ukrayna oradakı nüvə enerjisi zavoduna dron zərbəsi endirib, ancaq reaktora ziyan dəyməyib.

Məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Britaniya hərbi kəşfiyyatının iyulun 21-də bildirdiyinə görə, Rusiya qüvvələri və Moskvanın dəstəklədiyi separatçılar şərqdə cəbhə xətti boyunca kiçikmiqyaslı hücumları davam etdirirlər.

Rusiya qüvvələri Ukraynanın Donetskdən 50 km şimal-şərqdə yerləşən, ikinci enerji zavodu olan Vuhlehirskaya yaxınlaşmaqdadır. Moskva ölkənin kritik infrastrukturunu ələ keçirməyi prioritet edib, Britaniya kəşfiyyatı gündəlik bülletenində deyir.

Ukrayna Silahlı Qüvvələri iyulun 21-də bildiriblər ki, son 24 saat ərzində 111 rusiyalı əsgər öldürülüb, 17 maşın, o cümlədən texniki vasitə sıradan çıxarılıb.

Rusiyanın Ukrayna müharibəsində indiyədək verdiyi itki sayı 15 minə yaxınlaşır, 45 min yaralı ola bilər. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns Vaşinqtonda deyib.

Rusiya hərbi itkiləri hətta sülh dövründə belə dövlət sirri sayır, müharibə başlayandan itki sayını yeniləməyib.

Prezident Volodimir Zelenski iyulun 20-də axşam müraciətində deyib ki, Ukrayna həmçinin Qərb tərəfdaşlarından havadan müdafiə sistemləri almaq üzərində işləyir.

Onun sözlərinə görə, belə sistemlərin verilməsi “əsas paytaxtlarda verilən siyasi qərarlardan” asılıdır. Birinci ledi Olena Zelenska iyulun 20-də ABŞ-da konqresmenlər qarşısında çıxışında da havadan müdafiə məsələsini vurğulayıb, prezident deyib.

Brüsseldə bir araya gələn Aİ diplomatları Rusiyaya yeni sanksiyaları, o cümlədən qızıl idxalına qadağanı, Sberbank-ın aktivlərinin dondurulmasını müzakirə ediblər. Zelenski isə sanksiyaları yetərsiz adlandırıb.

“Rusiya sülhə vadar edilmək üçün müharibəyə görə daha böyük bədəl verməlidir”, – Zelenski dünən gecəki çıxışında vurğulayıb.

Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib. 

Azadlıq Radiosu

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun