Boris Conson istefa verir

Boris Conson istefa verir
7 İyul 2022
Mətni dəyiş

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verməyə razılaşıb.

BBC yazır ki, o, buna baxmayaraq, payızda yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalmaq istəyir.

Onun istefasını yaxın vaxtlarda Dauninq-stritdə elan edəcəyi gözlənilir.

Conson vəzifəsində qalmaqda davam edərsə, gələn həftə o, növbəti etimad səsverməsi ilə üzləşə bilər.

O, hakim partiyanın yeni rəhbəri seçilənə qədər baş nazir kimi fəaliyyətini davam etdirəcək.

Boris Conson Kansler Rişi Sunak da daxil olmaqla, onlarla nazirin onun rəhbərliyinə etiraz olaraq istefaya getdiyi dramatik 48 saatdan sonra bu qərarı verib.

Baş nazirin istefasını tələb edən nazirlər arasında Sunakın kansler kimi varisi Nahim Zahavi də var idi.

O, müavinlərinin etimadını itirdiyi və hökumətin artıq fəaliyyət göstərə bilməyəcəyi məlum olana qədər - cümə axşamı səhərə qədər çağırışlara müqavimət göstərib.

Üç ildən az bir müddət əvvəl Conson ümumi seçkilərdə tarixi böyük bir qələbə qazanıb, lakin son aylarda özünün karantin qaydalarını pozduğuna görə cərimələnməsi fonunda mübahisələr səngimək bilmir.

Bu həftə baş verən etirazlara baş nazirin keçmiş müavini Kris Pinçerə qarşı cinsi qısnama iddiaları ilə bağlı açıqlamaları təkan verib.

BBC-nin siyasi redaktoru Kris Meyson bildirib ki, 1922-ci il Mühafizəkarlar Partiyasının millət vəkili komitəsinin sədri Qrem Bredi baş nazirlə görüşərək ona partiyanın etimadını itirdiyini bildirib.

Leyboristlər Partiyasının lideri Ser Keyr Starmer deyib ki, baş nazirin istefası "ölkə üçün yaxşı xəbərdir", lakin "çoxdan baş verməli idi".

Ser Keyr baş naziri "yalan, qalmaqal və sənaye miqyasında fırıldaqçılıqda" günahlandıraraq, "bununla məşğul olanlar son dərəcə utanmalıdır" deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun