BMT: Müharibə başlayandan Ukraynanı 9 milyon insan tərk edib

BMT: Müharibə başlayandan Ukraynanı 9 milyon insan tərk edib
14 İyul 2022
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, Rusiyanın işğalı başlayandan bəri Ukraynanı 9 milyondan çox insan tərk edib.

Polşa Avropa İttifaqında ukraynalı qaçqınların qəbulunda liderdir: iyulun 11-nə olan məlumata görə, ölkədə müharibədən qaçan 1 milyon 221 min 596 ukraynalı rəsmi qeydiyyata alınıb. Təxminən 900 mini Almaniyada, 391 mini Çexiyada, hər birində təxminən 150 min Türkiyə və İtaliyada sığınacaq tapıb. Moldova, Rumıniya və Slovakiyada 80 mindən bir qədər çox qaçqın yerləşib.

Rusiyada, BMT-nin hesablamalarına görə, iyulun 12-nə Ukraynadan olan 1 milyon 625 min 531 qaçqın var. Rusiya mediası hüquq-mühafizə orqanlarına istinadən 2 milyondan çox insanın olduğunu iddia edir. Rusiyadakı qaçqınların dəqiq sayını öyrənmək mümkün deyil: ölkədə qaçqınların necə qeydiyyata alındığı və onların hansı statusa malik olduğu barədə məlumat verilmir. Bundan əlavə, rəqəmlərdəki uyğunsuzluq Ukraynanın şərqindən və cənub-şərqindən olan qaçqınların Ukraynanın yox, özünü müstəqil elan etmiş “LXR” və “DXR” pasportlarına, hətta Rusiya sənədlərinə malik ola bilməsi ilə də bağlı ola bilər. Nə qədər ukraynalının vətənlərinə qayıtdığını və ya sonradan Rusiyadan başqa ölkələrə köçməyi seçdiyini demək üçün heç bir rəqəm yoxdur.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin altı Avropa ölkəsində apardığı sorğuya əsasən, oradan sığınacaq almış ukraynalıların əksəriyyəti müharibə başa çatdıqdan sonra vətənlərinə qayıtmaq istəyir. Onların üçdə biri tezliklə qayıtmağı planlaşdırır, lakin üçdə ikisi Ukraynada davamlı sülh bərqərar olana qədər buna hazır deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun