1 İyul 2022
Mətni dəyiş
Özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti adlandıran Arayik Arutyunyan bölgədə böyük su elektrik stansiyasının (SES) tikiləcəyini açıqlayıb.
“SES tikildikdən sonra elektrik enerjisi problemimiz həll olunacaq”, – deyə Arayik Arutyunyan söyləyib.
Məlumat onun “Telegram” kanalında yayılıb.
Dağlıq Qarabağ separatçılarının rəhbəri onu da bildirib ki, artıq elektrik dirəklərinin quraşdırılması ilə bağlı danışıqlara başlanılıb:
“Yeni elektrik xətti daha böyük gücə malik olacaq”.
Arutyunyan qeyd edib ki, bu işlər “Azərbaycanla birgə” görüləcək. Bu, informasiyanın sual doğuran tərəfidir.
Çünki 2020-ci ilin oktyabrında Azərbaycan Baş Prokurorluğu Arayik Arutyunyana qarşı cinayət işi açıb və o, axtarışdadır.
O, 2020-ci ilin oktyabrında Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən dörd terror hücumunda təqsirləndirilir. Bu hərbi aktlar Ermənistan ərazisindən atılan raketlər vaistəsilə törədilib.
Hadisə nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər yaralanıb, 100-lə insan evini itirib, infrastruktura ziyan dəyib.
Həmin il oktyabrın 4-də isə Araik Arutyunyan sosial şəbəkələrdəki hesabında bu terror aktına görə məsuliyyəti üzərinə götürüb.