Zelenski: "Ukrayna hər gün şərqdə 60-100 əsgər itirir, 500-ü isə yaralanır"

Zelenski: "Ukrayna hər gün şərqdə 60-100 əsgər itirir, 500-ü isə yaralanır"
1 İyun 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın “Newsmax” nəşrinə müsahibəsində Ukrayna ordusunun Donbassda gündəlik itkilərindən danışıb. “Ukraynanın şərqində vəziyyət çox mürəkkəbdir. Hər gün döyüşlərdə 60-100 əsgər itiririk, 500-ə yaxın insan isə yaralanır. Biz müdafiə perimetrlərimizi qoruyuruq”, - deyə Zelenski bildirib. Zelenski mayın 22-də də Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı itkiləri barədə danışaraq, hərbi xidmət yaşına çatmış kişilərin Ukraynanı tərk etməsinə icazə verilməsini xahiş edən petisiyaya münasibət bildirib. “Bu petisiyanın kimə ünvanlandığını tam başa düşə bilmirəm – bu ərizə mənə, yoxsa, bəlkə də, Ukrayna uğrunda canını verən əsgərlərin valideynlərinə ünvanlanıb? Bu gün dövlətimizin şərqindəki ən çətin bölgədə 50-dən 100-ə qədər insan ölür”, - deyə Ukrayna prezidenti o vaxt bildirib. Rusiya indi Donbasda hücum əməliyyatı aparır, xüsusən də Luqansk vilayətinin sərhədlərinə çatmağa çalışır. Mayın 31-də Luqansk vilayətinin başçısı Sergey Qayday bildirib ki, Rusiya qoşunları regionda Ukraynanın nəzarətində qalan sonuncu iri şəhərlərdən biri olan Severodonetskin böyük hissəsini işğal edib. Çeçenistan rəhbəri Ramzan Kadırov da öz növbəsində Severodonetskin “tam təmizlənməsi”nin başa çatdığını elan edib. Nə Ukrayna, nə də Rusiya mütəmadi olaraq öz ordularının müharibədə itkiləri barədə məlumat vermirlər. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatı iki dəfə, sonuncu dəfə martın 25-də paylaşaraq, 1351 ölü və 3825 yaralı olduğunu bildirib. Volodimir Zelenski aprelin ortalarında müharibə başlayandan bəri 2500-3000 Ukrayna hərbçisinin öldürüldüyünü, daha 10 minə yaxınının isə yaralandığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun