Ter-Petrosyan: 'Daxili qarşıdurma Ermənistanın danışıqlarda mövqeyini zəiflədir'

Ter-Petrosyan: 'Daxili qarşıdurma Ermənistanın danışıqlarda mövqeyini zəiflədir'
6 May 2022
Mətni dəyiş

'Paşinyanın yerində kim olsaydı - Robert Köçəryan, Serj Sarkisyan və ya, deyək ki, İşxan Saqatelyan, onlar itaətkarlıqla Ermənistanın üzərinə qoyulacaq qərarı qəbul edərdilər'.

Bu fikirləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan son məqaləsində yazıb.

Eks-prezidentin fikrincə, hazırkı daxili siyasi qarşıdurma Ermənistanın qarşıdan gələn çətin danışıqlarda mövqeyini gücləndirmir, əksinə zəiflədir.

"Güzəşt etməmək və status-kvonu saxlamaq siyasətinin milli fəlakətə səbəb olduğunu sübut etməyə ehtiyac yoxdur. Fəlakətdən sonra hətta bu siyasətin keçmiş tərəfdarlarının bəziləri bunu etiraf edirlər", - deyə Ter-Petrosyan bildirib.

Ter-Petrosyanın sözlərinə görə, bugünkü müxalifətin əsas məqsədinin nə olduğu bəlli deyil: "Bu, tamamilə əsassız, pafoslu, özünü doğrultmaq cəhdindən başqa bir şey deyil".

Sabiq prezidentin sözlərinə görə, müvafiq olaraq, problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil:

"Əgər bu sadə həqiqət dərk edilməsə və ölkəmizin daxili siyasi təlatümləri davam edərsə, o zaman Paşinyan və ya başqasının yekun sənədi imzalamasından asılı olmayaraq, bizim üzərimizə qoyulan qərarlar daha ağrılı olacaq".

"Sual yaranır: indiki müxalifət liderləri bunu dərk edirlərmi? Bunu dərk etmirlərsə, deməli, siyasətdən heç nə başa düşmürlər. Əgər fərqindədirlərsə, amma daxili siyasi təlatümləri davam etdirirlərsə, deməli, milli maraqlarla heç bir əlaqəsi olmayan tamam başqa məqsədlər güdürlər. Müxalifətin təşkil etdiyi nümayiş, yürüş və mitinqlərlə bağlı indiki hakimiyyətin sərt addımlarının milli maraqlarla heç bir əlaqəsi yoxdur" - sabiq prezident deyib.

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək küçələrə çıxıb. Mayın 1-də etirazçılar tərəfdarlarını genişmiqyaslı vətəndaş itaətsizliyinə çağırıblar və həmin gündən müxalifət tərəfdarları hər gün etiraz aksiyaları keçirirlər.

Hakimiyyət nümayəndələri müxalifətin tələbini rədd edir, belə bir tələbin geniş əhalinin dəstəyini qazanacağına inanmırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun