"Rusiyada media rəhbərlərinin icazəsi olmadan Kadırovdan sitat gətirmək qadağan edilib"

"Rusiyada media rəhbərlərinin icazəsi olmadan Kadırovdan sitat gətirmək qadağan edilib"
5 May 2022
Mətni dəyiş

Rusiyanın bəzi dövlət media orqanlarında rəhbərliyin icazəsi olmadan Çeçenistan lideri Ramzan Kadırovun Ukraynadakı müharibənin gedişi ilə bağlı bəyanatlarından sitat gətirmək qadağan edilib.

Bu barədə "Proekt" nəşri işğalın hərbi, siyasi və təbliğat planı ilə bağlı analitik məqaləsində yazır.

Jurnalistlərin fikrincə, Ramzan Kadırovun prezidentin mətbuat katibi Dmitri Peskov və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə mübahisəsindən sonra federal mediaya Çeçenistan başçısının bəyanatlarından "yalnız rəhbərliyin sanksiyalarından sonra" sitat gətirmək tapşırılıb.

"Proekt" nəşri bildirir ki, bu barədə onlara TASS agentliyinin əməkdaşı anonimlik şərti ilə məlumat verib.

Eyni zamanda, nəşr qeyd edir ki, Kadırov dövlət telekanalları və xəbər agentliklərinin bəyanatlarından gecikməylə və yalnız yuxarıların icazəsi ilə sitat gətirməyə başladığı yeganə məmur deyil.

"Kavkaz.Realii" nəşri daha əvvəl Kadırova müharibə başlayandan bəri federal televiziyada nə qədər yer verildiyini təhlil edib. Məlum olub ki, Rusiya işğalının ilk iki ayında Çeçenistanın rəhbəri barədə xəbər efirdə yalnız bir neçə dəfə yayımlanıb, ümumilikdə ona həsr olunmuş məlumatlar təxminən üç dəqiqə çəkib.

Mayın 3-ü axşam saatlarında Ramzan Kadırov Vladimir Putini Ukrayna ilə müharibənin “ikinci mərhələsinə” başlamağa çağırıb – o, qondarma xüsusi əməliyyatın bütün ölkə ərazisində həyata keçirilməsini təklif edib.

Çeçenistan rəhbəri rus ordusunun hansı şəhərləri tutması barədə danışarkən Kiyev, Xarkov və Xersonun adını çəkib. Bununla belə, Xerson artıq iki aydır ki, rus ordusu tərəfindən işğal olunub, Xarkov kütləvi atəşə tutulub, lakin Ukrayna hakimiyyətinin nəzarəti altında qalır və Kiyevə hücum isə bu istiqamətdə uğursuzluqdan sonra martın sonunda dayandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun