Rusiya qüvvələri tərəfindən bazar günü atılan bombanın Ukraynanın şərqində 90-a yaxın insanın sığındığı məktəbi yerlə-yeksan etməsindən sonra onlarla ukraynalının öldüyü ehtimal edilir.
Rusiya və Ukrayna qüvvələri arasında həftələrdir davam edən gərgin döyüşlərin getdiyi Luqansk vilayətinin qubernatoru Bilohorivkada 30 nəfərin xilas edildiyini, lakin məktəbdə sığınan digər insanların çox güman ki, sağ qalmadıqlarını bildirib.
“Çox güman ki, dağıntılar altında qalan 60 nəfərin hamısı ölüb, qubernator Serhiy Hayday Telegram səhifəsində yazıb. Onun sözlərinə görə, Rusiyanın açdığı atəş nəticəsində həmçinin yaxınlıqdakı Privillia şəhərində 11 və 14 yaşlı iki oğlan da həlak olub.
Donbas regionunun bu son hücum Rusiyanın İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbə münasibətilə bazar ertəsi Qələbə Günü bayramı ərəfəsində Ukraynanın şərqində döyüş meydanında nailiyyətlərini nümayiş etdirmək üçün səyləri gücləndirdiyi vaxta təsadüf edir.
Ukraynaya raket zərbələri endirməyə davam etdiyi vaxt Moskva Ukrayna hökumətini devirmək və paytaxt Kyivi ələ keçirə bilmədikdən sonra son həftələr hücumları Donbasa yönəldib. Rusiya qüvvələri 2000-ə qədər ukraynalı döyüşçünün hələ də müqavimət göstərdiyi və təslim olmaqdan imtina etdiyi güman edilən polad zavodu istisna olmaqla, liman şəhəri Mariupola nəzarət edir.
Azovstal zavodunda ukraynalı döyüşçülərlə birgə sığınan bütün qalan qadınlar, uşaqlar və qocaların şənbə günü təxliyə edildiyi bildirilir.
Ukrayna hökuməti polad zavodundan yaralı döyüşçüləri və həkimləri çıxarmaq üçün beynəlxalq yardım təşkilatlarını cəlb etməyə çalışır, lakin prezident Volodimir Zelenski şənbə günü gecə çıxışı zamanı çətinlikləri etiraf edib.
“Ümidimizi itirmirik, dayanmırıq. Hər gün işləyə biləcək hansısa diplomatik variant axtarırıq”, Zelenski bildirib.
Zelenski bazar günü ABŞ prezidenti Co Bayden və dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin Böyük Yeddilər qrupuna (G-7) daxil olan Britaniya, Kanada, Fransa, İtaliya, Yaponiya və Almaniyanın liderləri ilə virtual görüş keçirir. G-7 Ukraynaya milyardlarla dollar hərbi yardım vəd edib.