Rusiya jurnalist Aleksandr Nevzorovu axtarışa verib

Rusiya jurnalist Aleksandr Nevzorovu axtarışa verib
4 May 2022
Mətni dəyiş
Rusiya Daxili İşlər Nazirliyi jurnalist Aleksandr Nevzorov barəsində axtarış elan edib. 1958-ci il təvəllüdlü Aleksandr Nevzorova qarşı Rusiya silahlı qüvvələrinin hərəkətləri barədə qəsdən yalan məlumat yaymaq ittihamı ilə cinayət işi açılıb. Bildirilir ki, martın 9-da “İnstaqram”da və martın 19-da “YouTube”da jurnalist qəsdən yalan məlumat yayıb. “Onun məlumatında Rusiya Silahlı Qüvvələrinin Mariupol şəhərindəki doğum evini atəşə tutması, atəşdən zərər çəkmiş mülki şəxslərin qeyri-dəqiq fotoşəkilləri əks olunub. Bu görüntülərin yayılması mənbələri Ukrayna mediasıdır”, – deyə Rusiya İstintaq Komitəsi bildirib. Daha sonra Roskomnadzor Nevzorovun saytını bloklayıb və Ədliyyə Nazirliyi onu KİV reyestrinə “xarici agent” kimi daxil edib. Publisist bundan əvvəl Rusiya ordusunun Ukraynaya yeridilməsi ilə bağlı bildirmişdi ki, 80 ildə ilk dəfə “bütün dünya yalnız bir şey istəyir – Putinin ölümünü”. Onun sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibə bir nəfərlik müharibədir. Bu, heç bir ərazi mübahisəsi, düşmənçilik və ya dindən qaynaqlanmır. Nevzorov qeyd edib ki, “bunların heç biri yoxdur. Yalnız manyakallıq, konspirologiya və dəlilik var˝. Publisistin sözlərinə görə, o, indi rolunun həqiqəti söyləmək olmasından çox əsəbiləşib. O, qeyd edib ki, bütün bunlar üçün artıq “çox qocalıb”, lakin tale onu yenidən belə vəziyyətlərə sürükləyib. 2012-ci il prezident seçkilərində Nevzorov Vladimir Putinin etibarlı adamı idi, lakin o, hazırda Krımın Ukraynaya qaytarılması və Donbasın tam azad edilməsi üçün fəal şəkildə kampaniya aparır. 4 çağırış Rusiya Dövlət Dumasının deputatı, konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü olan A.Nevzorov fevralın 24-dən sonra Rusiyanı tərk edərək İsrailə gedib. O, 1980-ci illərin sonlarında “600 Saniyə” proqramının müəllifi və aparıcısı kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun