"Forbes": İraq əsilli şəxs Corc Buşa sui-qəsd planlaşdırıb

"Forbes": İraq əsilli şəxs Corc Buşa sui-qəsd planlaşdırıb
25 May 2022
Mətni dəyiş
İŞİD ilə əlaqəli olduğu iddia edilən İraq əsilli şəxs ABŞ-ın 43-cü prezidenti Corc Buşa sui-qəsd planlaşdırıb. Bu barədə FTB sənədlərinə istinadən "Forbes" və "ABC News" xəbər verir. Şübhəli şəxs 2020-ci ildə sığınacaq üçün müraciət etmək məqsədilə ABŞ-a gələn 52 yaşlı  Ohayo ştatının Kolumbus şəhər sakini Şihab Əhməd Şihabdır. O, mayın 24-də həbs edilib. FTB-nin məlumatına görə, şübhəli şəxs 2021-ci ildən Buşa sui-qəsd planlaşdırırmış. Cinayətə hazırlaşarkən o, Dallasda prezidenti izləyib, siyasətçinin iqamətgahının qarşısında video çəkib, həmçinin sui-qəsd cəhdinin digər iştirakçılarını – İraq, Türkiyə, Misir və Danimarkadan olan həmyerlilərini Meksika vasitəsilə ABŞ-a keçirmək niyyətində olub. FTB şübhəlinin WhatsApp mesajlarını və iki informatorun məlumatlarını izləyərək sui-qəsd cəhdinin qarşısını ala bilib. Şihab onlardan birinə Səddam Hüseynin keçmiş pilotunun rəhbərlik etdiyi "Əl-Raed" (Thunder) bölməsinin üzvü olduğunu söyləyib. Bundan əlavə, informatorun sözlərinə görə, şübhəli şəxs Baas Partiyasının (Ərəb Sosialist Dirçəlişi) və İŞİD-in mesajlaşmalarında da iştirak edib. Şihab Buşu öldürmək niyyətini onunla izah edib ki, o, çoxlu iraqlının ölümünə və ABŞ-ın işğalından sonra ölkənin parçalanmasına görə məsuliyyət daşıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun