Blinken: "ABŞ Ermənistan və Azərbaycana davamlı sülh əldə etməyə kömək edəcək"

Blinken: "ABŞ Ermənistan və Azərbaycana davamlı sülh əldə etməyə kömək edəcək"
3 May 2022
Mətni dəyiş

Bazar ertəsi ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Görüşün məqsədi ABŞ və Ermənistan arasında strateji dialoqa başlamaqdır.

Vaşinqton Ermənistan və Azərbaycana davamlı sülh və firavanlıq tapmaqda kömək etmək öhdəliyini bir daha təsdiqləyib.

“Dövlət katibi Blinken Ermənistanın çevikliyinə görə xarici işlər nazirinə təşəkkür edib və Ermənistan və Azərbaycan arasında gələcək birbaşa danışıqlara çağırıb.  ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi davamlı sülh və firavanlığa nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyini vurğulayıb", - Dövlət Departamentinin hesabatında deyilir.

Dövlət katibi ortaq demokratik dəyərlərə uyğun olaraq ikitərəfli münasibətləri daha da gücləndirməyə və Ermənistanın islahatlar gündəliyi üzrə əməkdaşlığı davam etdirməyə sadiq olduğunu bildirib.

Görüş zamanı Blinken və Mirzoyan nüvə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar ki, bu da Ermənistanın enerji təchizatını şaxələndirməyə çalışdığı bir vaxtda mülki nüvə əməkdaşlığının artırılmasına yol açır.

“Mən baş nazir və onun hökumətini apardıqları demokratik islahatlara, irəliləyişlərə görə salamlayıram və Ermənistanla Azərbaycan arasında dialoqu da alqışlayıram. Baş nazir və Ermənistanın bu prosesdə göstərdiyi uzaqgörənliyə, cəsarətə və çevikliyə, davamlı sülhə can atdıqlarına görə səmimi təşəkkürümü bildirirəm”, - Blinken deyib.

Mirzoyan öz növbəsində deyib: “Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupunun həmsədri kimi  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün oynadığı mühüm rolu vurğulamaq istərdim.

Mən həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ABŞ-ın dəstəyini və  Erməni soyqırımını pisləyərək bu il də mövqeyini təsdiqləməsini qeyd edirəm”.

Onlar həmçinin Ermənistanın demokratik, hüquqi və antikorrupsiya islahatlarının həyata keçirilməsində irəliləyişini müzakirə ediblər.

Ermənistanın xarici işlər naziri bazar ertəsi USAID-in rəhbəri Samanta Pauer ilə də görüşüb, USAİD proqramları ilə bağlı Ermənistanın prioritetlərini müzakirə edib.

“Görüş zamanı onlar həmçinin Ermənistan hökumətinin regional sülhməramlılara, korrupsiyaya qarşı mübarizəyə dəstək səylərini müzakirə ediblər”, - iclasın protokolunda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun