Almaniyanın keçmiş kansleri Gerhard Şröder Bundestaqdakı ofisindən məhrum edilib

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Bundestaqdakı ofisindən məhrum edilib
20 May 2022
Mətni dəyiş
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Bundestaqdakı ofisindən və işçilərindən məhrum edilib. "Der Spiegel" yazır ki, bu qərarı büdcə komitəsi hakim koalisiya nümayəndələrinin sorğusunu aldıqdan sonra qəbul edib. Nəşrin məlumatına görə, ötən il keçmiş kanslerin ofisinin işçilərinin ştat və ezamiyyə xərcləri təxminən 419 min avro təşkil edib, bura ofis sahəsi və avadanlıqların qiyməti daxil deyil. Büdcə komitəsi daha əvvəl bildirmişdi ki, Şröder keçmiş kansler kimi heç bir öhdəliyi yerinə yetirmir, ona görə də onu işçilərlə və ofislə təmin etmək üçün heç bir əsas yoxdur. "Bild" qeyd edib ki, keçmiş kanslere Bundestaqda altı ofis və yeddi işçi verilib. Bununla əlaqədar, Bundestaq keçmiş hökumət başçısının ofisinin bağlanacağına, lakin ona yenə də təqaüd veriləcəyinə və müdafiə ilə təmin olunacağına qərar verib. Almaniyada Şröder Rusiya ilə əlaqələri qoruduğuna, eləcə də Rusiya Federasiyasının dövlət şirkətlərində işləməsinə görə tənqid olunur. 2017-ci ildən o, “Rosneft”in direktorlar şurasının rəhbəridir, eyni zamanda “Şimal axını 2”nin operatoru olan “Nord Stream AG” şirkətinin səhmdarlar komitəsinin sədridir. DW-nin məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra ölkədə Şröderə qarşı tənqidlər artıb. Hələ martın əvvəlində hazırkı kansler Olaf Şolz Şröderi Rusiya dövlət şirkətlərində tutduğu vəzifədən getməyə çağırmışdı. Bir neçə həftə əvvəl onun Rusiya ilə bağlı mövqeyinə etiraz olaraq ofisinin bir sıra üzvləri istefa verib. Avropa Parlamenti bundan əvvəl Gerhard Şroderi Aİ-nin sanksiyalar siyahısına daxil etməyə çağıran qətnamə qəbul edib. Deputatlar keçmiş kansleri Rusiyanın dövlət şirkətləri ilə əməkdaşlığı davam etdirməkdə ittiham edirlər. Almaniyanın keçmiş kansleri və prezidentlərinə Berlində ömürlük bir neçə işçisi olan şəxsi ofis, həmçinin xidməti avtomobil və sürücü verilir. Bütün bu xərclər dövlət büdcəsindən maliyyələşdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun