Almaniya Rusiya neftinin idxalına qoyulan qadağanı dəstəkləyib

Almaniya Rusiya neftinin idxalına qoyulan qadağanı dəstəkləyib
2 May 2022
Mətni dəyiş
Almaniya hökuməti yeni sanksiyalar paketi çərçivəsində Rusiya neftinə embarqonun tətbiqini dəstəkləmək qərarına gəlib. Bu barədə “Die Welt” yazır. Agentliyin mənbəsinin bildirdiyinə görə, Aİ-yə üzv ölkələrin nümayəndələrinin Brüsseldə keçirilən son görüşü zamanı Almaniya nümayəndələri açıq şəkildə Rusiyadan neft idxalına qadağa qoyulmasının tərəfdarı olduqlarını bildiriblər. Beləliklə, neft embarqosunun Rusiyaya qarşı yeni, altıncı sanksiyalar paketinə daxil ediləcəyi ehtimalı artır. Lakin hələlik Macarıstan, Avstriya, Slovakiya, İspaniya, İtaliya və Yunanıstan buna qarşıdır. Slovakiya və Macarıstan Rusiya neftindən tez bir zamanda imtina etməyə hazır deyillər və Cənubi Avropa ölkələri embarqonun əhali üçün enerji qiymətlərinin kəskin artmasına səbəb olacağından qorxur. Almaniya hökumətinin Rusiya neftinin idxalına qoyulan qadağa ilə bağlı mövqeyini dəyişə bilməsinin səbəblərindən biri enerji təchizatının yeni mənbələrinin uğurlu axtarışı ola bilər. Almaniya İqtisadiyyat Nazirliyi aprelin sonunda bildirib ki, Ukraynada müharibə başlayandan Almaniya Rusiya neftindən asılılığını 35 faizdən 12 faizə endirə bilib. Rusiya neftinin idxalına qadağa qoyulması ehtimalı hələ Avropa İttifaqının beşinci sanksiyalar paketini qəbul etməzdən əvvəl müzakirə edilib. Bununla belə, aprelin 8-dən qüvvəyə minən məhdudlaşdırıcı tədbirlərin sonuncu siyahısına neft yox, Rusiya Federasiyasından kömür idxalına qadağa daxil edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun