Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib

Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib
31 May 2022
Mətni dəyiş
Aİ ölkələrinin liderləri dünən axşam saatlarında Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Avropa Şurasının rəhbəri Şarl Mişel Tvitter hesabında yazıb ki, yeni qadağalar paketi digər məsələlərlə yanaşı, Rusiya neftinin ixracına qismən qadağa və "Sberbank"-ın "SWIFT"-dən ayrılmasını da nəzərdə tutur. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyadan neft ixracının həcminin üçdə ikisindən çoxunu əhatə edir. Avropa Şurasının rəhbəri qadağanın yanacağın boru kəmərləri ilə tədarükünə şamil edilməyəcəyini söyləyib. Sanksiyalar dəniz yolu ilə daşınan nefti əhatə edir. Aİ Macarıstanın asılı olduğu "Drujba" kəməri ilə idxalı saxlamaq qərarına gəlib. Macarıstan Rusiyaya qarşı tam embarqonun tətbiqinin əleyhinədir. Avropa Komissiyasının sədri Ursula von der Leyen Tvitter hesabında yazıb ki, ilin sonuna qədər Aİ-nin Rusiyadan neft idxalını təxminən 90 faiz azaldacaq neft embarqosu ilə bağlı qərarı alqışlayır. "Bloomberg"-in hesablamalarına görə, Rusiyanın Aİ-nin neft embarqosundan itkiləri ildə 22 milyard dollar təşkil edə bilər. Onlardan 10 milyard dolları dənizlə daşıma qadağası tərkibindədir ki, bu da Rusiyanın bütün neft ixracının 75 faizini təşkil edir. Eyni zamanda, Rusiyanın istisna etdiyi Macarıstan, Çexiya və Slovakiyaya "Drujba" kəməri ilə neft ixracından ildə 6 milyard dollara qədər gəlir əldə etməyə davam edəcək. Çərşənbə axşamı səhər London birjasında Brent markalı neftin qiyməti martın 25-dən bəri ilk dəfə bir barel üçün 119 dolları ötüb. Aİ liderləri həmçinin Rusiyanın ən böyük bankı olan "Sberbank"-ın "SWIFT" banklararası ödəniş sistemindən ayrılması və daha üç Rusiya dövlət media qurumunun Aİ ərazisində fəaliyyətinin qadağan edilməsi barədə razılığa gəliblər. Bununla belə, Rusiyaya qarşı yeni məhdudiyyətlər paketindən ruslar üçün Avropa daşınmaz əmlakının alınmasına qadağa da çıxarılıb. Bu barədə "Bloomberg" mənbələri məlumat yayıb. Onların sözlərinə görə, Kiprin təzyiqi ilə bu tədbirdən imtina edilib. Rusiyaya qarşı altıncı sanksiyalar paketinin mayın 9-da qəbul edilməsi planlaşdırılırdı. Yeni qadağalara Rusiya neftinin idxalına tədricən embarqo, Sberbank-a qarşı sanksiyalar, ixrac nəzarətinin gücləndirilməsini (lakin avtomobillər və dərmanlar üçün istisna təşkil edirdi), eləcə də dəniz gəmiçiliyi sahəsində yeni məhdudlaşdırıcı tədbirlər daxil etməli idi. Rusiyaya qarşı sanksiyalar prezident Vladimir Putinin sərəncamı ilə fevralın 24-də qoşunlarının Ukraynaya daxil olmasından sonra tətbiq edilir. Ukrayna ilə müharibəyə hər gün təxminən 21 milyard rubl xərclənir. “Moscow Times” qəzetinin yazdığına görə, müharibədən əvvəlki dövrlə müqayisədə “milli müdafiə”yə ayrılan xərclər iki dəfədən çox artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun