Rusiyanın Kiyevə atdığı raketlər nəticəsində “Azadlıq” radiosunun jurnalisti həlak olub

Rusiyanın Kiyevə atdığı raketlər nəticəsində “Azadlıq” radiosunun jurnalisti həlak olub
29 Aprel 2022
Mətni dəyiş
“Azadlıq” radiosunun jurnalisti Vera Qiriç aprelin 28-i axşam saatlarında Kiyevdə yaşayış binasına raket hücumu nəticəsində həlak olub. Bu barədə onun həmkarı Aleksandr Demçenko məlumat verib. “Vera artıq yoxdur. Yüksək dəqiqlikli rus raketi onun evinə dəydi. Vera bütün gecəni orada qalıb və onu yalnız səhər tapdılar ", deyə Demçenko ˝Facebook˝da yazıb. “Ukrayinska Pravda”nın məlumatına görə, Vera Qiriç 2018-ci ilin fevral ayından “Azadlıq” radiosunun Kiyevdəki Ukrayna bürosunda prodüser işləyib. Aprelin 28-i axşam Kiyev hakimiyyəti şəhər mərkəzinə raket hücumu barədə məlumat verib. Şevçenko rayonunda 25 mərtəbəli yaşayış binasına raketlər düşüb, binada yanğın baş verib, birinci və ikinci mərtəbələrə ziyan dəyib. Aprelin 29-da səhər saatlarında Kiyevin meri Vitali Kliçko bildirib ki, xilasedicilər həlak olanlardan birinin cəsədini tapıblar. Dörd zərərçəkən xəstəxanaya yerləşdirilib. Aprelin 29-da səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və tank əleyhinə raketlər istehsal etdiyi Kiyevdəki “Artem” müdafiə zavodunun istehsalat binalarını yüksək dəqiqlikli raketlərlə məhv etdiyini açıqlayıb. Nazirlik yaşayış binasına raket hücumu ilə bağlı açıqlama verməyib. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Kiyevə raket hücumu onun BMT-nin baş katibi Antonio Quterreşlə danışıqları başa çatdıqdan dərhal sonra həyata keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun