Rusiya Hesablama Palatasının sədri: "İki il çox mürəkkəb vəziyyətdə yaşayacağıq"

Rusiya Hesablama Palatasının sədri: "İki il çox mürəkkəb vəziyyətdə yaşayacağıq"
27 Aprel 2022
Mətni dəyiş

Rusiya Federasiyasının keçmiş maliyyə naziri, hazırda Hesablama Palatasının rəhbəri Aleksey Kudrin Rusiya iqtisadiyyatını "2009-cu ildəki böhrandan, pandemiya böhranından daha böyük" böhranın gözlədiyi barədə xəbərdarlıq edib. Bu barədə İnterfaks yazıb.

“Bugünkü iqtisadiyyat çətin dövrünü yaşayır. İqtisadiyyatın İnkişafı Nazirliyinin hazırda müzakirə etdiyi ilkin proqnozlara görə, bu ilin nəticələrinə əsasən onun çöküşü 8,8 faiz təşkil edəcək. Daha konservativ ssenariyə görə isə 12,4 faiz olacaq˝, Kudrin Qanunvericilər Şurasının iclasında çıxışı zamanı bildirib. ˝İlkin qiymətləndirməyə görə, 2022-ci ildə inflyasiya baza proqnozuna əsasən 20,7 faiz, 2023-cü ildə isə 6 faizdən çox olacaq˝, o əlavə edib.

Hesablama Palatasının rəhbərinin sözlərinə görə, bu cür inflyasiya fonunda “sosial siyasətdəki vəzifələrimizi qiymətləndirməliyik - nə indeksləşdirilməli, nə ilk növbədə indeksləşdirilməli, nə gecikə bilər və bu resurları necə bölüşdürmək olar".

˝Biz bu gün dərk etməliyik ki, hazırda yeni mərhələyə qədəm qoymuşuq: ilin sonunda və gələn il, yəni demək olar ki, il yarım-iki il biz çox mürəkkəb vəziyyətdə yaşayacağıq. Buna görə də öz gücümüzü və resurslarımızı qiymətləndirməliyik˝.

˝S&P Global Market Intelligence˝ analitik şirkətlərinin proqnozuna əsasən, Ukraynaya hücumuna görə tətbiq edilən sanksiyalar fonunda Rusiya iqtisadiyyatına 2021-ci ilin sonundakı vəziyyətə qayıtmaq üçün 10 il lazımdır. Onların proqnozuna görə, Rusiyanın ÜDM-nin azalması 2022-ci ildə 11,1 faiz təşkil edəcək. 2023-cü ildə ÜDM-nin azalması 1,9 faiz olacaq. Bir il sonra isə Rusiya iqtisadiyyatı 1,6 faiz böyüməyə başlayacaq. Dünya Bankı da həmçinin Rusiya iqtisadiyyatının 2022-ci ildə 11 faizə düşəcəyini hesab edir. Lakin 2023-cü ilə qədər Rusiya ÜDM-nin 0,6 faizə qədər artacağını proqnozlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun