Putin Buça qırğınını törədən 64-cü briqadanı fəxri adla təltif edib

Putin Buça qırğınını törədən 64-cü briqadanı fəxri adla təltif edib
19 Aprel 2022
Mətni dəyiş
Rusiyada Quru Qoşunlarının 64-cü əlahiddə motoatıcı briqadası "Qvardiya" fəxri adına layiq görülüb. Bu barədə sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb. Sənəddə qeyd olunur ki, bu ad “silahlı münaqişələrdə Vətənin və dövlət maraqlarının müdafiəsi istiqamətində briqadanın şəxsi heyətinin döyüş əməliyyatlarında göstərdiyi kütləvi qəhrəmanlıq və cəsarətə, mətanət və şücaətə görə” verilir. 64-cü briqada Xabarovsk diyarında yerləşir. Ukrayna Müdafiə Nazirliyi bu briqadanın əsgərlərini “Buçada qırğınlar törətməkdə və dinc insanlara işgəncə verməkdə” ittiham edib. “Azadlıq” radiosu yazır ki, öyrənilən açıq mənbələrdə bu briqadanın əsgərlərinin həqiqətən də şəhərdə olması ilə bağlı dolayı sübutlar var. Aprelin əvvəlində jurnalistlər və Ukrayna rəsmiləri Kiyevin şimal-qərbindəki Buça şəhərinin küçələrində onlarla insanın öldüyü barədə məlumat vermişdilər. Ölənlərin mülki geyimli, bəzən əlləri bağlanmış şəkilləri ˝Reuters˝, UNIAN, AFP tərəfindən yayımlanıb. Rus qoşunları çıxdıqdan sonra Ukrayna hərbçiləri şəhərə daxil olublar. ˝The New York Times˝ iddia edir ki, onun müxbirləri onlarla insanın ölüm yerini və vaxtını müəyyən edib, həmçinin Buça sakinlərinin rus hərbçilərinin qurbanı olduğunu təsdiqləyən şahidlərlə danışıblar. Rusiya Müdafiə Nazirliyi Kiyev yaxınlığındakı Buçada öldürülən mülki vətəndaşların foto və videolarını “daha ​​bir təxribat” və “Qərb mediası üçün Kiyev rejimi tərəfindən səhnələşdirilmə” adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun