Makron: "Rusiya hakimiyyəti Buçadakı cinayətlərə görə cavab verməli olacaq"

Makron: "Rusiya hakimiyyəti Buçadakı cinayətlərə görə cavab verməli olacaq"
4 Aprel 2022
Mətni dəyiş
Fransa prezidenti Emmanuel Makron Ukraynanın Buça şəhərində öldürülən mülki şəxslərin fotolarını şərh edərkən bildirib ki, “Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”. ˝Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərinin fotoşəkillərinə baxmaq dözülməzdir. Küçələrdə qorxaqcasına qətlə yetirilən yüzlərlə dinc sakin. Qurbanlara başsağlığı verir, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq˝. Fransa prezidenti Emmanuel Makron Ukraynanın Kiyev vilayətinin Buça şəhərində mülki əhalinin qətlə yetirilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin zəruri olduğunu bildirib, Reuters xəbər verir. “Müharibə cinayətlərinə işarə edən çox açıq əlamətlər var. Rusiya ordusunun [Buçadakı qətllərə görə] məsuliyyət daşıdığı az-çox müəyyən edilib”, – Makron ˝France Inter˝ radiostansiyasına müsahibəsində deyib. Fransa prezidentinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların yeni mərhələsi Rusiya kömür və neft məhsullarının ixracına təsir göstərməlidir. Almaniya kansleri Olaf Şolz da öz növbəsində “Rusiya hərbçilərinin bu cinayətlərinin araşdırılmasının” və həm əmr verənlərin, həm də onları yerinə yetirənlərin məsuliyyətə cəlb edilməsinin zəruriliyini bəyan edib. O, yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb. ˝Financial Times˝-ın məlumatına görə, Avropa İttifaqı aprelin 6-da yeni sanksiyalar paketini müzakirə etməyə hazırlaşır. Nəşr qeyd edib ki, bundan əvvəl bəzi Aİ ölkələri neft, kömür və qaz da daxil olmaqla enerji təchizatına fərdi sanksiyaların genişləndirilməsi, ixrac məhdudiyyətləri və embarqolar, habelə Rusiya gəmilərinin Aİ limanlarında istifadəsinə qadağa kimi əlavə məhdudlaşdırıcı tədbirlər təklif ediblər. ˝Washington Post˝ yazır ki, ABŞ hakimiyyəti də Buçada baş verənlərə görə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir. Nəşrin mənbələrinin məlumatına görə, Bayden administrasiyası Rusiya ilə ticarəti davam etdirən ölkələrə qarşı “ikinci dərəcəli sanksiyalar”ı, həmçinin Rusiyanın mədən, nəqliyyat və maliyyə sektoruna qoyulan məhdudiyyətləri müzakirə edib. WP mənbələri qərarın hələ verilmədiyini qeyd edib. Rus qoşunları Kiyev vilayətini tərk etdikdən sonra Buça şəhərində həlak olmuş onlarla mülki şəxsin cəsədi tapılıb, onlardan bəzilərinin əli bağlı olub. Buçadan foto və videolar müstəqil jurnalistlər tərəfindən dərc edilib. Ukrayna prezidenti Volodimir Zelenski Buçadakı qətllərdə Rusiya hərbçilərini günahlandırıb. Rusiya Müdafiə Nazirliyi Buçada dinc əhalinin öldürülməsində hər hansı əli olduğunu inkar edir, ölənlərin foto və videosunu "səhnələşdirmə" adlandırır. Rusiya Buçada baş verən “dəhşətli təxribat”la bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun