Kipr bir neçə rusiyalı milyarderi vətəndaşlıqdan məhrum edəcək

Kipr bir neçə rusiyalı milyarderi vətəndaşlıqdan məhrum edəcək
21 Aprel 2022
Mətni dəyiş

Kipr dörd rusiyalı milyarder və onların ailələrini vətəndaşlıqdan məhrum edəcək. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə iş adamları Avropa Birliyinin sanksiya siyahısına daxil edilib. Yerli "Fileleftheros" qəzeti bu barədə mənbələrə istinadən yazır.

İnvestisiya müqabilində verilən “qızıl pasportlar” iş adamı Oleq Deripaska, “Merkuri” şirkətlər qrupunun prezidenti İqor Kesayev, “Komsomolskaya Pravda” və RBK media holdinqinin sahibi Qriqori Berezkin və Alişer Usmanovun bacısı Gülbahor İsmayılovadan, eləcə də onlardan asılı olan 11 nəfərdən alınacaq.

Deripaska 2017-ci ildə, İsmayılova 2015-ci ildə, Berezkin və Kasaev 2012-ci ildə Kipr vətəndaşlığını alıblar.

Aprelin ortalarında Kipr hökuməti Rusiyadan olan dörd milyarderin və onların prezident Putinin ətrafının adamları kimi Aİ-nin sanksiyalarına məruz qalan 17 ailə üzvünün vətəndaşlıqdan məhrum edilməsi prosesinə başlayıb.

“Fileleftheros” qəzetinin məlumatına görə, Mixail Qutseriyev, Aleksandr Ponomarenko, Vadim Moşkoviç və Aleksey Kuzmiçev vətəndaşlıqdan məhrum ediləcəklər. Ukrayna ilə müharibə başlamazdan əvvəl ˝Forbes˝ jurnalının rus versiyası onların sərvətini təxminən 16 milyard dollar qiymətləndirirdi.

“Reuters”in məlumatına görə, “Qızıl Pasport” proqramı çərçivəsində 6779 əcnəbi Kipr vətəndaşlığı alıb ki, onlardan 2886-sı rusdur. İndi Kipr hakimiyyəti sərmayələr müqabilində ölkə vətəndaşlığını almış 1100-ə yaxın insanı Ukraynadakı müharibə ilə bağlı pozuntulara görə yoxlayır.

Bundan əvvəl Avropa İttifaqı sanksiya siyahısından olan rusların vətəndaşlıqdan çıxarılmasına çağırış etmişdi. “Qızıl Pasport” proqramının özü çoxsaylı pozuntular və korrupsiya və digər cinayətlərdə şübhəli bilinən şəxslərə Aİ sənədlərinin verilməsi səbəbindən bağlanıb.

İnvestisiya müqabilində vətəndaşlıq verilməsi proqramları Aİ-nin üç dövlətində mövcud idi: Kipr, Malta və Bolqarıstan. Kipr proqramının şərtlərinə görə, ərizəçinin yerli iqtisadiyyata 2 ilə 2,5 milyon dollar arasında investisiya qoyması tələb olunur. Bunun ən azı 500 mini ölkədə daimi yaşamaq üçün mənzil alınmasına xərclənməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun