"Human Rights Watch" Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı hesabat yayımlayıb

"Human Rights Watch" Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı hesabat yayımlayıb
4 Aprel 2022
Mətni dəyiş

"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı müvəqqəti olaraq Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərindəki müharibə cinayətləri ilə bağlı hesabat dərc edib. Bunlar Çerniqov, Xarkov və Kiyev vilayətləridir.

Xəbər Ukrayna hakimiyyətinin və KİV-in Kiyev vilayətinin Buça şəhərində onlarla insanın həlak olması barədə məlumatından dərhal sonra yayılıb.

"HRW" hesabatında deyilir ki, martın 4-də rus qoşunları Buçada 5 nəfəri ələ keçirib və onlardan birini edam ediblər. Hadisə şahidi təşkilata bildirib ki, əsgərlər mülki vətəndaşları yolun kənarında diz çökdürməyə, başlarına köynək çəkməyə məcbur edib və onlardan birinin başının arxasına atəş açıblar. Bu hekayə Buçada mülki geyimli bir neçə kişi cəsədinin tapıldığı mövqelərin təsviri ilə üst-üstə düşür.

Martın 6-da Vorzeldə rus hərbçiləri atəşdən gizlənən insanların olduğu zirzəmiyə tüstü bombası atıblar. Zirzəmidən çıxanda hərbçilər bir qadın və 14 yaşlı uşağı güllələyiblər. Bu məlumatı "Human Rights Watch"-a qadınla eyni zirzəmidə olan kişi verib.

"HRW" martın 13-də ailəsi ilə birlikdə gizləndiyi Xarkov vilayətindəki məktəbdə qadının zorlanması ilə bağlı ən azı bir hadisənin olduğunu bildirib. Əsgər, qadının dediyinə görə, onu döyüb, üzünü, boynunu və saçını bıçaqla kəsib.

"Human Rights Watch" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson hesabatda deyib: "Bizim sənədləşdirdiyimiz hallar Ukraynanın mülki əhalisinə qarşı qəsdən qəddarlığı və zorakılığı əks etdirir. Onlar müharibə cinayətləri kimi araşdırılmalıdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun