BMT: Ukraynadakı müharibə dünya əhalisinin 20 faizi üçün yoxsulluq təhlükəsi yaradır

BMT: Ukraynadakı müharibə dünya əhalisinin 20 faizi üçün yoxsulluq təhlükəsi yaradır
14 Aprel 2022
Mətni dəyiş
Rusiyanın Ukraynaya təcavüzü 1,7 milyard insanı - bəşəriyyətin beşdə birindən çoxunu yoxsulluğa, səfilliyə və aclığa sürükləyə bilər, BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib. Ukrayna və Rusiya Federasiyası dünya buğda və arpa istehsalının 30 faizini, qarğıdalının beşdə birini və günəbaxan yağının yarıdan çoxunu təmin edir. Eyni zamanda, iqtisadiyyatı ən zəif inkişaf etmiş dünyanın 45 ölkəsi üçün Rusiya və Ukraynadan tədarüklərin payı onların idxal etdiyi bütün taxılın üçdə birindən çoxunu təşkil edir. Həmçinin, BMT xatırladıb ki, Rusiya dünyanın ən böyük təbii qaz ixracatçısı və ikinci ən böyük neft ixracatçısıdır. Müharibə inkişaf etməkdə olan ölkələrin COVID-19 pandemiyası, xarici borc və artan inflyasiya səbəbindən üzləşdiyi problemləri daha da gücləndirib. 2022-ci ilin əvvəlindən buğda və qarğıdalı 30 faiz, neftin qiyməti son bir ildə 60 faizdən çox, təbii qaz və gübrə isə iki dəfədən çox artıb. Antonio Quterreş BMT-nin bu vəziyyətdə fövqəladə tədbirlər üçün kifayət qədər maliyyəyə malik olmaması barədə xəbərdar edib. Xüsusilə, BMT-nin Ümumdünya Ərzaq Proqramı artıq resursların çatışmadığını açıqlayıb. “Ərzaq qiymətlərinin artması ilə sosial və siyasi qeyri-sabitlik arasında birbaşa əlaqə var. Dünyamız belə bir lüksa sahib deyil. Biz indi hərəkətə keçməliyik”, - Quterreş bildirib. Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibəyə görə, ilk növbədə, dünyanın ən yoxsul ölkələrinə təsir edəcək ərzaq böhranının yarana biləcəyini bildirmişdi. BVF, Dünya Bankı və ÜTT başda olmaqla, əsas beynəlxalq təşkilatlar isə aclığın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırdılar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun