Aİ 21 Rusiya aviaşirkətini ˝təhlükəli daşıyıcılar˝ siyahısına daxil edib

Aİ 21 Rusiya aviaşirkətini ˝təhlükəli daşıyıcılar˝ siyahısına daxil edib
11 Aprel 2022
Mətni dəyiş
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Komitəsi Rusiyanın 21 aviaşirkətini beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi üçün Aİ daxilində uçuşu qadağan edilən və ya məhdudlaşdırılan daşıyıcıların siyahısına daxil edib. Bu barədə Avropa Komissiyası məlumat yayıb. Siyahıya daxil olan Rusiya aviaşirkətləri arasında ˝Aeroflot˝, ˝Rossiya˝, ˝Pobeda˝, ˝S7˝, ˝Utair˝, ˝Nordwind˝, ˚Avrora˝, ˝Izhavia˝ var. Rusiya Federasiyasının aviadaşıyıcıları bu siyahıya mart ayında qəbul edilmiş və Rusiya aviaşirkətlərinə lizinqdə olan xarici təyyarələrə haqların qeydiyyata alınmasına və belə təyyarələrə yerli uçuşa yararlılıq sertifikatlarının verilməsinə icazə verən qanunla əlaqədar daxil edilib. Avropanın nəqliyyat üzrə komissarı Adina Valean bildirib ki, Rusiya aviaşirkətlərinin qara siyahıya salınması bu ölkəyə qarşı sanksiya deyil, təhlükəsizlik baxımından diktə edilib. ˝Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərinə yüzlərlə xarici təyyarəni uçuşa yararlılıq sertifikatı olmadan idarə etməyə icazə verib. Bu, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanı açıq şəkildə pozmaqla yanaşı, həm də uçuşların təhlükəsizliyinə birbaşa təhlükə yaradır. Biz Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü şəraitində yaşayırıq. Amma mən bildirmək istəyirəm ki, bu qərar hələ Rusiyaya qarşı növbəti sanksiya deyil; o, yalnız texniki və təhlükəsizlik mülahizələri əsasında qəbul edilmişdir. Biz təhlükəsizliyi siyasətlə qarışdırmırıq˝. Rusiya hakimiyyəti bu cür təyyarələr xaricdə saxlanılmağa başladıqdan sonra icarəyə götürülmüş təyyarələrə yerli uçuşa yararlılıq sertifikatlarının verilməsinə icazə verib. Buna Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Aİ-nin tətbiq etdiyi sanksiyalar səbəb olub. Bu sanksiyalar icarəyə götürənləri Rusiya aviaşirkətləri ilə müqavilələrə xitam verməyi və icarəyə götürdüyü təyyarələrin geri qaytarılmasını tələb edirdi. Rusiya hakimiyyəti bu təyyarələri könüllü olaraq geri qaytarmayıb. Bu səbəbdən, Nəqliyyat Nazirliyinin martın sonunda verdiyi məlumata görə, Rusiya aviaşirkətlərinin 1300-dən çox təyyarəsindən 78-i xaricdə həbs edilib. Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev bildirib ki, Rusiya üçün icarəyə götürdüyü təyyarələrdən imtina etmək “özünü aviasiyadan məhrum etmək deməkdir”. Eyni zamanda o, xəbərdarlıq edib ki, bu təyyarələr “başqasının əmlakını götürdüyümüzə görə” bir daha heç vaxt sanksiya tətbiq edən ölkələrə uça bilməyəcək. Beynəlxalq uçuşlar üçün Rusiyaya məxsus olan və ya sanksiyaların tətbiqindən əvvəl rusiyanınkı kimi qeydiyyatdan keçmiş təxminən 200 təyyarə mövcuddur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun