UNICEF: Ukraynadakı müharibədən qaçanların təxminən 2 milyonu uşaqdır

UNICEF: Ukraynadakı müharibədən qaçanların təxminən 2 milyonu uşaqdır
31 Mart 2022
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının uşaq agentliyi UNICEF-ın bildirdiyinə görə, Ukraynadakı müharibədən təxminən 2 milyon uşaq qaçıb, daha 2,5 milyon uşaq isə ölkə daxilində evlərini tərk edib.

Çərşənbə günü BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (UNCHR) ilə yaydığı bəyanatda uşaqların Ukraynadakı müharibədən qaçan insanların yarısını təşkil etdiyi deyilib. UNICEF 1,1 milyondan çox uşağın Polşaya, yüz minlərlə uşağın Rumıniya, Moldova, Macarıstan, Slovakiya və Çexiyaya getdiyini bildirib.

BMT İnsan Haqları üzrə Ali Komissarlığı çərşənbə günü münaqişə zamanı 100-dən çox uşağın öldürüldüyünü və 134 uşağın yaralandığını sənədləşdirib. Lakin agentlik qurbanların sayının daha çox olacağını guman edir.

BMT-nin hər iki agentliyi köçkün uşaqların insan alveri və istismar riskini artırdığı barədə xəbərdarlıq edib. Uşaqların və gənclərin üzləşdiyi riskləri azaltmağa çalışan UNICEF və UNHCR hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları Moldova, Rumıniya və Slovakiya da daxil olmaqla, qaçqınlara ev sahibliyi edən ölkələrdə “Mavi Nöqtə” mərkəzlərini genişləndirir.

“Mavi Nöqtə” mərkəzləri qaçqın ailələrə məlumat verən, müşayiət olunmayan və ayrılmış uşaqları müəyyən etməyə və onların istismardan müdafiəsini təmin etməyə kömək edən, əsas xidmətlərə çıxış üçün mərkəz rolunu oynayan təhlükəsiz məkanlardır.

UNICEF eləcə də keçid məntəqələrində uşaqların təhlükəsizliyini təmin etmək üçün regiondakı milli hökumətlər və rəsmilərlə birlikdə təcili olaraq əlavə tədbirlər görməyə başlayıb.

Çərşənbə günü verdiyi açıqlamada UNICEF-in icraçı direktoru Ketrin Rassel "Ukrayna daxilində vəziyyət getdikcə ağırlaşır" deyib. Onun sözlərinə görə, evlərini tərk edən uşaqların sayı artmaqda davam edir və "onların hər birinin müdafiəyə, təhsilə, təhlükəsizliyə və dəstəyə ehtiyacı var".

Bu həftə UNICEF Ukrayna daxilində ən həssas 52 000 ailəni dəstəkləmək üçün humanitar pulköçürmə proqramına başlayıb. Bundan əlavə, agentlik bu həftədən etibarən Ukraynada və həmsərhəd ölkələrdə uşaq və ailələrə dəstək məqsədi ilə 1275 ton təcili yardım daşıyan 114 yük maşını göndərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun