Rus hərbçilərinin Çernobıl AES-dən çıxdığı bildirilir

Rus hərbçilərinin Çernobıl AES-dən çıxdığı bildirilir
31 Mart 2022
Mətni dəyiş
Ukraynaya qarşı müharibənin ilk günündə – fevralın 24-də Çernobıl AES-i tutmuş Rusiya hərbçilərinin çıxmağa başladığı xəbər verilir. Xəbəri “AFP” ABŞ-ın adını çəkmədiyi ordu rəsmisinə istinadla yayıb. “Çernobıl Rusiya qüvvələrinin bir hissəsinin yerini dəyişdiyi yerlərdəndir, Çernobıl AES-dən çıxaraq Belarusa gedirlər. Biz onların getdiyini düşünürük. Amma hamısının getdiyini deyə bilmərəm”, – mənbə deyib. Pentaqondakı mənbə də CNN-ə Çernobıl AES-dən Rusiya qüvvələrinin bir hissəsinin çıxarıldığını təsdiqləyib. Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk işlək vəziyyətdə olmayan Çernobıl AES-i tutmuş Rusiya qüvvələrini ərazidən çıxmağa çağırıb. Bundan öncə Ukrayna silahlı qüvvələri stansiyada sursatın partlama təhlükəsi haqda xəbərdarlıq edib. “BMT-nin Təhlükəsizlik Şurasından Çernobılda qorunan zonanın demilitarizasiyası ilə bağlı təcili tədbirlər görməyi, nüvə fəlakətinin təkrarlanması riskinin aradan qaldırılması üçün xüsusi BMT missiyası yaratmağı tələb edirik”, – Vereşçuk martın 30-da Telegram sosial media platformasında paylaşdığı videoda deyir. Vereşçukun sözlərinə görə, Ukrayna martın 29-da İstanbul danışıqlarda Rusiyadan xahiş edib ki, ölkənin ən çox zərbə görmüş şəhərləri, kəndlərindən 97 humanitar dəhlizin açılmasına imkan versin. Rusiya qüvvələri fevralın 24-də Çernobılı ələ keçirsələr də, obyekti ukraynalılar idarə edir. Martın 29-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi hökumət rəsmiləri ilə danışıqlardan ötrü Ukraynaya səfər edib. Danışıqlarda Rusiyanın davam edən işğalı fonunda Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinin təminatı üçün “təcili texniki yardım”ın göstərilməsi müzakirə edilir. “Əlavə vaxt itirə bilmərik. Bu münaqişə təsəvvürəgəlməz insan əziyyəti və dağıntılara səbəb olur. Bunun həm də nüvə qəzasına səbəb olmaması üçün BAEA-nın təcrübə və qabiliyyətinə ehtiyac var”, – Qrossi bəyanatında deyib. Onun Ukraynada nə qədər qalacağı açıqlanmayıb. Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb. Prezident Vladimir Putin məqsədin Ukraynanın “demilitarizasiya” və “denasifikasiyası” olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun