Putinin xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və Rusiyanı tərk edib

Putinin xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və Rusiyanı tərk edib
23 Mart 2022
Mətni dəyiş

Anatoli Çubays Rusiya prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. Bu barədə Bloomberg iki mənbəyə istinadən yazır.

Nəşrlərin yaydığı məlumata görə, Çubays Rusiyanı tərk edib. 'Bloomberg' yazır ki, o, öz addımını Ukraynadakı müharibə ilə razılaşmamaqla izah edib.

Çubays indiyə qədər Ukraynaya müdaxilədən sonra Kremllə əlaqələri kəsən ən yüksək vəzifəli məmurdur.

Anatoli Çubays 2020-ci ilin dekabrında Rusiya prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bundan əvvəl o, doqquz il "Rosnano" dövlət korporasiyasına rəhbərlik edib. Müharibə başlayandan sonra o, açıq şəkildə müharibə əleyhinə bəyanatlar verməyib.

Ötən həftə 2012-2018-ci illərdə Rusiya hökumətinin baş nazirinin müavini vəzifəsində çalışmış Arkadi Dvorkoviç "Skolkovo" Fondunun sədri vəzifəsindən istefa verib.

Bu, Dvorkoviçin FİDE rəhbəri kimi Ukraynadakı müharibəyə qarşı çıxışından az sonra baş verib. Vahid Rusiya Partiyasının Baş Şurasının katibi Andrey Turçak Dvorkoviçin bu sözlərini "milli xəyanət" adlandırıb və onu “Skolkovo” fondundan "rüsvayçılıqla" azad etməyi təklif edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun