Müdafiə Nazirliyi: Ağdamdakı mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyi: Ağdamdakı mövqelərimiz atəşə tutulub
10 Mart 2022
Mətni dəyiş

Azərbaycan Ermənistan arasında atəşkəs yenidən pozulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

"Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Dünən axşam saatlarında Qarabağda döyüşlərin getməsi ilə bağlı məlumatlar yayılıb. Nazirlik elə həmin saatlarda bununla bağlı açıqlama verərək bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

"Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir", - nazirlikdən əlavə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun