Danışıqların nəticələri: 'Rusiya Kiyev və Çerniqov istiqamətində hərbi fəallığını kəskin azaldır'

Danışıqların nəticələri: 'Rusiya Kiyev və Çerniqov istiqamətində hərbi fəallığını kəskin azaldır'
29 Mart 2022
Mətni dəyiş

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşü başa çatıb. Görüşün üç saata yaxın davam etdiyi bildirilir.

Görüşdən sonra jurnalistlərin qarşısına çıxan Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb.

O bildirib ki, danışıqların Belarusdan Türkiyəyə keçirilməsini ilkin qələbə hesab etmək lazımdır. ˝Biz Türkiyəni Ukrayna üçün təhlükəsizlik təminatlarından biri kimi görürük˝, o əlavə edib.

Araxamiya deyib ki, Böyük Britaniya, Çin, ABŞ, Türkiyə, Fransa, Kanada, İtaliya, Polşa və İsrail danışıqlardan sonra Ukrayna üçün təhlükəsizlik qarantı ola bilər. Onlar beynəlxalq müqavilənin bir hissəsi kimi fəaliyyət göstərəcəklər. Onlar Ukraynanın tələbi ilə səmanı bağlaya biləcəklər.

˝Mövcud təhlükəsizlik qarantları sistemi işləmir, biz bunu Mariupol və Xarkovda görürük. Biz razılaşdıq ki, bütün təhlükəsizlik qarantı ölkələri nəinki bizim Aİ-yə daxil olmağımıza mane olmamalı, həm də bu prosesə kömək etməlidir˝, Araxamiya bildirib.

Ukrayna nümayəndə heyətinin rəhbəri söyləyib ki, Ukrayna təcavüz obyektinə çevrilərsə, üç günlük məsləhətləşmələrdən sonra zaminlər Ukraynaya silah, hərbi yardım etməli və səmanı bağlamalıdırlar. Əgər bu əsas müddəalar birləşdirilə bilsə, o zaman Ukrayna daimi neytrallıq şəklində özünün bloka daxil olmayan və qeyri-nüvə dövləti statusunu düzəltmək iqtidarında olacaq.

Qondarma DXR və LPR məsələsi Vladimir Putin və Vladimir Zelenskinin görüşündə müzakirə olunacaq ayrıca paraqrafa köçürülüb.

˝Yeni müqavilədə Ukrayna və Rusiyanın Krımla bağlı mövqelərini müəyyən etmək, Krım və Sevastopolun statusu ilə bağlı 15 il ərzində ikitərəfli danışıqlar aparmaq lazımdır. Bu müddət ərzində hər iki ölkə yarımadanın statusu məsələsini həll etmək üçün silahlı qüvvələrdən istifadə etməyəcək˝, Araxamiya əlavə edib.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə Moskva və Kiyev nümayəndələri arasında bu gün Türkiyənin İstanbul şəhərində keçirilən danışıqları konstruktiv adlandırıb.

Ukraynanın təklifləri Rusiya Prezidenti Vladimir Putinə çatdırılacaq.

“Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Rusiya və Ukrayna arasında XİN səviyyəsində sazişin paraflanması ilə eyni vaxtda mümkündür”, - Rusiya nümayəndə heyətinin rəhbəri vurğulayıb.

O, Ukraynadan neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər aldıqlarını bildirib.

Müdafiə nazirinin müavini Aleksandr Fomin qeyd edib ki, Rusiya qoşunları Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi kəskin şəkildə azaldacaq.

Fomin vurğulayıb ki, bu qərar “qarşılıqlı etimadı artırmaq məqsədilə” verilib.

˝Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqların bugünkü görüşdə müzakirə olunan prinsiplər nəzərə alınmaqla praktiki fəaliyyətə keçməsi səbəbindən, qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlar üçün lazımi şərait yaratmaq və sazişin razılaşdırılması və imzalanması kimi son məqsədə nail olmaq üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən hərbi fəaliyyətin Kiyev və Çerniqov istiqamətində radikal şəkildə, bəzən də azaldılması barədə qərar qəbul edilmişdir˝.

Fomin qeyd edib ki, Rusiya tərəfi sülh müqaviləsi ilə bağlı qərarların qəbul ediləcəyi Kiyevdə "sonrakı normal iş üçün şəraitin yaradılmasının" vacib olduğunu düşünür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun