Bəxtiyar Hacıyev polisin fiziki təzyiqinə məruz qaldığını deyir, polis təkzib edir

Bəxtiyar Hacıyev polisin fiziki təzyiqinə məruz qaldığını deyir, polis təkzib edir
10 Mart 2022
Mətni dəyiş

İctimai fəal Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində fiziki təzyiqlərə məruz qaldığını bildirib. Hacıyev bildirib ki, hadisə dünən saxlanıldıqdan sonra baş verib. 

Belə ki, Bəxtiyar Hacıyev martın 9-u günorta saatlarında şəxsi avtomobilinin şüşəsinə "Vilayət Eyvazov, cinayətkarları himayə etmə" yazaraq, Daxili İşlər Nazirliyinin binasının önündə etiraz edib. O, şikayəti əsasında aparılmalı olan cinayət işinə etinadsız yanaşıldığı üçün bu addımı atıb. Paylaşılan görüntülərdən görünüb ki, polis əməkdaşları onun şəxsi avtomobilinin arxa yan şüşələrindən birini sındırıb, maşının qapısını açıb, Hacıyevi zorla aparırlar. Hacıyev də bildirib ki, onu saxladıqdan sonra əllərini qandallayıb, fiziki təzyiq göstərə-göstərə Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Təzyiqlər orda da davam edib.

O bildirib ki, son bir ildə verdiyi heç bir şikayət araşdırılmayıb.

“Video kameraların qarşısında mənə qarşı zorakılıq göstərilib. Ancaq Bakı Şəhər Baş Polis İdarəsi deyir ki, rəhbərliyin göstərişi var, şikayətçi sən olduğuna görə araşdırılmayacaq.” İctimai fəal 6 saat idarədə saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb. Nazirlikdən bildirilib ki, Bəxtiyar Hacıyev şikayəti əsasında aparılan araşdırmaya etiraz edərək bu gün özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib: "Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar".

Hacıyev Daxili İşlər Nazirliyinin bu məlumatını əsassız adlandırıb.

“Yalan danışırlar. Mən bildirmişdim ki, Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz edəcəm. Onların guya mənim özümü, oradakı binaları yandıracam deməyimlə bağlı məlumatları tam yalandır. Tofiq Yaqublunu döyüb, sonra Yaqublu özünü döyüb deyən qurumdan hər şey gözləmək olar,” fəal qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun