Apellyasiya Məhkəməsi İlham Aslanoğlunu vaxtından əvvəl azadlığa buraxıb

Apellyasiya Məhkəməsi İlham Aslanoğlunu vaxtından əvvəl azadlığa buraxıb
7 Mart 2022
Mətni dəyiş

Şəki Apellyasiya Məhkəməsi hüquqşünas İlham Təhməzovu (Aslanoğlu) vaxtından əvvəl həbsdən buraxıb.

Məhkəmə 5 martda verdiyi qərarla ictimai fəala qarşı irəli sürülən böhtan ittihamı çərçivəsindəki 5 aylıq cəzanı ləğv edib. Hüquqşünas “Tərtər işi” üzrə hərbçilərə və mülkü şəxslərə qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.

Yanvarın 28-də Yevlax rayon məhkəməsi Aslanoğlunu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə  onu təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.

İş üzrə xüsusi ittihamçı 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyev olub.

Onun iddiasına  görə, Aslanoğlu sosial şəbəkələrdə 2017-ci ildə Tərtər işi üzrə istintaq zamanı işgəncə ilə öldürülən baş leytenant Adil Sabirlinin ölümündə V.Quliyevin əli olması barədə məlumat yayıb. Aslanoğlu A.Sabirlinin atasına istinadla belə bir bəyanat verib.

Lakin apellyasiya instansiyasında xüsusi ittihamçı şikayəti geri götürüb. Bu əsasda Apellyasiya Məhkəməsi Aslanoğlunun təqibini dayandırıb və onu azadlığa buraxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun