ABŞ: "Ukraynadakı müharibədə 10 mindən çox rus hərbçisi həlak olub"

ABŞ: "Ukraynadakı müharibədə 10 mindən çox rus hərbçisi həlak olub"
30 Mart 2022
Mətni dəyiş
ABŞ-ın hesablamalarına görə, Rusiya tərəfi Ukraynadakı müharibədə 10 mindən çox əsgər itirib. Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland “Current Time” telekanalının efirində bildirib. Bu məlumatlar Rusiya Müdafiə Nazirliyinin bundan əvvəl açıqladığı rəqəmlərdən bir neçə dəfə çoxdur. Martın 25-də qurum 1351 hərbçinin öldüyünü bildirib. “Current Time” jurnalistinin yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı sualına cavab olaraq ABŞ dövlət katibinin müavini qeyd edib ki, “bu, ukraynalılar və onların müttəfiqlərinin səy göstərdiyi şeydir”, lakin “Rusiya Ukrayna ordusunun nə qədər güclü olduğunu hələ tam başa düşməyib”. "Rusiya tərəfi inanılmaz itkilər verir. Bizim hesablamalarımıza görə, 10 mindən çox rusiyalı həlak olub. Amma real atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar olmayacaq", - Nuland müsahibəsində deyib. Rusiya tərəfi müharibənin əvvəlindən iki dəfə itkilərdən danışıb. Martın 2-də idarə 498-ə yaxın hərbçinin öldüyünü, 1597 nəfərin yaralandığını bildirib. Martın 25-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlar zamanı 1351 hərbçinin öldüyünü, 3825 əsgərin isə yaralandığını bildirib. Bununla belə, müharibə zamanı Rusiya ordusunda itkilərlə bağlı müxtəlif təxminlər səsləndirilib: Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 mindən çox itkidən danışır (bura həm ölənlər, həm də yaralılar daxildir). “Time” martın 24-də yazır ki, NATO-nun fikrincə, döyüş əməliyyatları zamanı 7-15 min rus əsgəri həlak ola bilərdi. Martın 29-da İstanbulda keçirilən danışıqların ən mühüm nəticələrindən biri Rusiya Müdafiə Nazirliyinin Kiyev və Çerniqov istiqamətlərində “hərbi fəallığın kəskin şəkildə azaldılması” ilə bağlı bəyanatı olub. Bununla belə, Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus səhər saatlarında Rusiya qoşunlarının İstanbuldakı razılaşmalara baxmayaraq, atəşin intensivliyini azaltmadığını bildirib. "Mülki infrastruktur obyektləri yenidən dağıdılıb. Kitabxanalar, ticarət mərkəzi, çoxlu evlər sıradan çıxıb", - Çaus deyib. Pentaqonun sözçüsü Con Kirbi Kiyevdən müəyyən geri çəkilmənin müşahidə edildiyini bildirib. Lakin Pentaqon hesab edir ki, “bu, həqiqi geri çəkilmə deyil, yerdəyişmədir”. "Biz hamımız hazır olmalıyıq və Ukraynanın digər ərazilərində böyük hücum gözləməliyik. Bu, Kiyev üçün təhlükənin keçdiyi anlamına gəlmir", - Kirbi bildirib. Kiyevdə partlayış səslərinin eşidildiyi bildirilib, lakin hələlik dəqiq təsdiq yoxdur. Paytaxtda səhər yenidən həyəcan siqnalı çalınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun