˝Financial Times˝: Rusiya daha Ukraynanın “denazifikasiyasını” tələb etmir

˝Financial Times˝: Rusiya daha Ukraynanın “denazifikasiyasını” tələb etmir
29 Mart 2022
Mətni dəyiş
Rusiya atəşkəs danışıqları zamanı bir sıra ilkin tələblərdən, o cümlədən Ukraynanın “denazifikasiyası”ndan imtina etməyə hazırdır. Bu barədə ˝Financial Times˝-a danışıqlardan xəbəri olan dörd mənbə bildirib. Mənbələrin bildirdiyinə görə, Moskva və Kiyev Ukraynanın təhlükəsizlik zəmanətləri və Aİ-yə üzvlük perspektivi müqabilində NATO-ya üzv olmaqdan imtina etməli olduğu mümkün razılıqları müzakirə edir. Onların fikrincə, saziş layihəsində Rusiyanın Ukraynanın “denazifikasiyası” və “demilitarizasiyası”, habelə ölkədə rus dilinin qorunması ilə bağlı ilkin tələbləri yer almayıb. “Financial Times” yazır ki, Moskvanın güzəştə getməsi onunla bağlıdır ki, rus qoşunlarının hücumu ukraynalıların gözləniləndən də şiddətli olan müqaviməti nəticəsində səngiyib. Qəzet yazır ki, öz növbəsində Ukrayna və onun Qərb tərəfdaşları Rusiya prezidenti Vladimir Putinin niyyətlərinə hələ də şübhə ilə yanaşırlar. Onlar qorxurlar ki, Moskva danışıqlardan qoşunları artırmaq və yeni hücum planı yaratmaq üçün cəbhə kimi istifadə edə bilər. Ukrayna danışıqlar heyətinin üzvü David Araxamiya qəzetə bildirib ki, tərəflər razılığa yaxındırlar, lakin xəbərdarlıq edib ki, müzakirədə irəliləyiş ehtimalına ehtiyatla yanaşmaq lazımdır. ˝Financial Times˝-a başqa bir mənbə deyib ki, Kiyev Moskvanın həm hərbi təzyiq, həm də danışıqlar tələbləri ilə bağlı daim dəyişən mövqeyindən narahatdır. Rusiya-Ukrayna danışıqlarının ilk raundları Belarusda əyani şəkildə keçirilib, lakin sonradan onlar videobağlantı formatına keçiblər. Martın 28-dən 30-dək Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətlərinin yeni görüşü keçiriləcək. Bu raund martın ortalarından bəri nümayəndə heyətlərinin ilk təkbətək görüşdür. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlarda əldə olunan kompromislərin referenduma çıxarılacağını vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun