Ukraynaya Dəstək Platforması: "Biz Rusiyanın beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə pisləyirik"

Ukraynaya Dəstək Platforması: "Biz Rusiyanın beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə pisləyirik"
16 Fevral 2022
Mətni dəyiş

“Azərbaycan cəmiyyətinin ümumi fikirini ifadə edərək dost Ukrayna ilə bu ağır gündə həmrəyliyimizi bildirir, bir və bərabər olduğumuzu bəyan edirik”.

Bu barədə Azərbaycan Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının təşəbbüsü ilə fevralın 15-də keçirilən Birinci Ukraynaya dəstək Forumunun Qətnaməsində deyilir.

Forum iştirakçıları hesab edir ki, Ukraynada müharibənin qarşısının alınması beynəlxalq ictimaiyyətin əsas vəzifəsi olduğu kimi, Rusiyanın davakar siyasətinin cilovlanması da beynəlxalq birliyin əsas vəzifəsidir.

“Ukrayna ilə yanaşı Rusiyanın imperialist siyasətinin birbaşa və ya dolayısı nəticəsi olan separatçılıqla mübarizədə Moldova, Gürcüstan və Azərbaycanın dəstəklənməsi də beynəlxalq birliyin əsas vəzifəsi olmalıdır,” sənəddə qeyd edilir.

Ukraynaya dəstək Formunun iştirakçıları Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın Şərqində separatçı bölgələr yaratmasından sonra da hərbi təcavüzdən əl çəkməməsindən, daha böyük miqyaslı müharibəyə hazırlaşmasından dərin narahatlıq ifadə edir.

“Biz Rusiyanın beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə pisləyirik. Beynəlxalq ictimaiyyət sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri də daxil olmaqla, beynəlxalq nizamın prinsiplərinə və beynəlxalq hüququn beynəlxalq səviyyədə tanınmış normalarına riayət edilməsini Rusiyadan qətiyyətlə tələb etməlidir. Ukraynanın timsalında suveren dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, nəticədə isə regional sülh və təhlükəsizliyə yeni təhdid yaradan Rusiyanın davakar siyasətini qətiyyətlə pisləyirik,” qətnamədə deyilir.

Forum iştirakçıları postsovet ölkələrinin suverenliyini şübhə altına alan, dövlətlərin Şimali Atlantika Alyansına üzvlük kimi suveren hüququnun məhdudlaşdırılmasına çalışan Rusiyanın cəhdlərinin qəti şəkildə qəbuledilməz olduğunu bəyan edir.

Fevralın 1-də Bakıda bir qrup azərbaycanlı fəal “Demokratiya Naminə Ukraynaya Dəstək Platforması"nı təsis edib. Platforma heç bir siyasi partiya və ictimai birliyi təmsil etməyən vətəndaş təşəbbüsüdür.

Platformaya politoloqlar, jurnalistlər, ziyalıların nümayəndələri - Xaqani Cəfərli, Tural Ağayev, Asif Yusifli, Sevinc Vaqifqızı, Adil Qeybulla, Tatyana Kryuçkina, Seymur Həzi və Əbülfəz Qurbanlı və digərləri daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun