Ötən il Ermənistan Birinci Qarabağ Müharibəsi dönəmində itkin düşmüş 108 nəfərin cəsədini Azərbaycana verib və yaxın günlərdə daha 2 nəfərin cəsədini verəcək. Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
O, Fransa və Azərbaycan prezidentləri, Avropa İttifaqı Şurasının rəhbəri və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən dördtərəfli görüşdə Birinci Qarabağ Müharibəsi zamanı itkin düşənlərin taleyilə bağlı müzakirələrin aparıldığını deyib.
O, 108 cəsədin Azərbaycana qaytarılmasını Ermənistanın mümkün olan hər şeyi etməsinə sübut adlandırıb. Deyib ki, Azərbaycan tərəfdə birinci müharibə zamanı itkin düşmüş 4 minə yaxın adam var, erməni tərəfdə isə 777.
Ermənistan Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşənlərin taleyini müəyyənləşdirmək üçün əməkdaşlığa ümid edir.
"44 günlük müharibə zamanı bizdə 217 itkin olub",- Paşinyan deyib və Azərbaycan tərəfinin bu istiqamətdə konkret addımlar atacağına ümid etdiyini bildirib.