Ələsgər Məmmədli: "Cavanşir Feyziyevə cinayət işi açılmalıdır"

Ələsgər Məmmədli: "Cavanşir Feyziyevə cinayət işi açılmalıdır"
7 Fevral 2022
Mətni dəyiş

"Korrupsiyaya bulaşdığına dair ciddi araşdırmalar aparılan və ona məxsus olan vəsaitin korrupsiya yolu ilə əldə olunması sübut olduğuna görə 11 milyon 500 min manatı İngiltərə məhkəmələrində müsadirə edilən Cavanşir Feyziyev onu tənqid edən, siyasi və hüquqi cavab verməlidir deyənləri - öz fantaziyasına uyğun olaraq müxtəlif cinayətlərdə ittiham edib"

Bu fikirləri hüquqşünas Ələsgər Məmmədli bildirib. Məmmədli qeyd edib ki, Cavanşir Fevziyevin fikirləri onun özü barəsində cinayət məsuliyyəti yaradır. Fevziyev açıqlamalarında onu tənqid edənlər haqqında bu fikirləri deyir:
- "siyasi mənsəbə çatmaq naminə ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparan milli satqınlar”;
- "rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün "jurnalist” və ya "siyasi fəal” adları altında müxtəlif  beynəlxalq GHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlər.”;
- "yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, casusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi vəzifələri öz üzərlərinə götürüblər”
"stajlı dələduzlar”, "gənc dələduzlar”. Ələsgər Məmmədli isə deyir ki, bu fikirlər konkret şəxslərə yönəlib və məsuliyyət yaradır. "Bütün bu ifadələri işlədərkən bu siyasətçi konkret adlar çəkib, siyahılar yazıb, ölkənin tanınmış siyasətçilərinin, jurnalistlərinin, ictimai xadimlərinin adını çəkib. Beləliklə də, adları çəkilən şəxslərin bu cinayətləri işlədiklərini iddia edib.  Sübut edilmədiyi halda bu ifadələr Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Yəqin ki, Cavanşir Feyziyevin özünü "qorumaq” üçün başqalarını ləkələmək cəhdinə görə həmin şəxslər hüquq yoluna müraciət edəcək, bu şəxsin konkret həm bu böhtan əməlinə həm də korrupsiya ehtimalının nəticələrinə görə məsuliyyətə cəlb olunmasını ciddi və ardıcıl tələb edəcəklər. Çünki AR Cinayət Məcəlləsinə görə dələduzluq 178-ci maddədə, casusluq 274-cü maddədə, böhtançılıq- 147-ci maddəsində aydın şəkildə cinayət məsuliyyəti yaradır. Bu maddələrlə nəzərdə tutulan cinyətləri işlədikləri isnad olunan şəxslərin barələrində belə məhkəmə qərarı olmadığına görə onların hər birinin bunu məhkəməyə daşımaları və Cavanşir Feyziyevə qarşı xüsusi ittiham qaydasında məhkəmələrə müraciət etmələri mümkündür. O, toxunulmazlıq zirehi altında uzun müddət gizlənə bilməyəcək", - deyə Ələsgər Məmmədli qeyd edib. Bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. İctimayət nümayəndələri Fevziyevi korrupsiyada ittiham edirlər. Cavanşir Fevziyev isə məsələ ilə bağlı açıqlama yayaraq, onu tənqid edənləri satqınlıqda və xəyanətdə ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun