Sanksiya Ukraynadakı aktivlərin dondurulmasını və ölkəyə daxil olanların kommersiya əməliyyatlarına qadağa qoyulmasını nəzərdə tutur
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının qurucusu, keçmiş baş nazir Bidzina İvanişvilinin dörd yaxın qohumuna sanksiya tətbiq edib. Zelenski imzaladığı fərmanla bir neçə gürcü iş adamını da sanksiya siyahısına salıb.
Sanksiya Ukraynadakı aktivlərin dondurulmasını və ölkəyə daxil olanların kommersiya əməliyyatlarına qadağa qoyulmasını nəzərdə tutur.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya tətbiq etdiyi 256 nəfərin siyahısına keçmiş baş nazirin qardaşı, onun həyat yoldaşı, milyarderin əmisi oğlu və onun övladı daxildir.
Xəbər yayıldıqdan az sonra keçmiş baş nazirin qohumu Uça Mamatsaşvilinin vəkili Ukraynanın ona və oğluna sanksiya qoyması qərarını “heç bir faktiki və ya hüquqi əsası olmayan siyasi spekulyasiya” kimi qiymətləndirib.
Ukrayna hakimiyyəti sanksiyaya məruz qalan şəxslərin ölkədə olan əmlaklarına dair heç bir məlumat verməyib.
Niyə onlar?
Ukrayna hökuməti sentyabrda bir neçə Gürcüstan vətəndaşını Rusiya ilə əlaqələr və Ukraynaya qarşı hərbi kampaniyaya görə “Müharibə və Sanksiyalar” məlumat bazasına əlavə edib.
Fərmanda adları keçənlərə sanksiya qoyulmasının səbəbləri göstərilmir, lakin 'Müharibə və Sanksiyalar' məlumat bazasına daxil olan qeydlərdən görünür ki, İvanişvili onların hamısını birləşdirən amildir.
Məlumat bazası iddia edir ki, İvanişvilinin qardaşı Aleksandre İvanişvili sanksiyalardan yayınmaq üçün Rusiyanın ən zəngin adamlarından birinə lobbiçilik edib və arvadı Ketevan Xaraidze vasitəsilə “Rusiya siyasi elitasıyla" işgüzar əlaqələri var.
Həmçinin, qeyd edilir ki, Tate Mamatsaşvili "Geo Organics" şirkətinin təsisçisidir. Bu şirkət Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi olduğunu açıqlayıb.
Rusiya biznesi və sanksiya yükü
Tatenin atası Uça Mamatsaşvili qısa müddət ərzində “Gürcü Arzusu”nun Siyasi Şurasının üzvü olub. O, həmçinin dövlət investisiya şirkətinin, Tərəfdaşlıq Fondunun direktor müavini və Gürcüstan Birgə İnvestisiya Fondunun səhmdarı olan İvanişvili ilə sıx işgüzar əlaqələrə malikdir.
"Transparency International" Bidzina İvanişvilinin illərdir Rusiyada heç bir biznes maraqlarının olmadığı iddiasını şübhə altına alıb və qeyd edib ki, 2012-2019-cu illərdə İvanişvili “ofşor qurumlar vasitəsilə ən azı 10 Rusiya şirkətinə sahib çıxmağa davam edib və bu şirkətlər daha da geniş törəmə şirkətlər şəbəkəsinə çevrilib: “Bu gün İvanişvili ofşor şirkətlərindən biri vasitəsilə Rusiyada ən azı bir şirkətə (Aqua-Space Ltd) sahibdir”.
Uzun müddət davam edən münaqişə
“Gürcü Arzusu”nun aparıcı simaları ötən ilin yanvarından onların təsisçisinin artıq siyasətlə məşğul olmadığını iddia etsələr də oktyabrın 20-də İvanişvilinin qohumlarının sanksiyalarını və ona qarşı “təzyiqləri” pisləməyə tələsdilər.
Hakim partiyanın sədri İrakli Kobaxidze cümə axşamı deyib: “Onlar siqnal verdilər ki, bu, birinci addımdır və başqa addımlar da ata bilərlər, çünki biz ikinci cəbhə açmadıq”.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Ukrayna və Gürcüstan hökumətləri arasında münasibətlər kəskin şəkildə pisləşsə də, illərdir antipatiya var. Münaqişə daha çox Gürcüstan qanunları ilə axtarışda olan keçmiş gürcü məmurlarının Ukraynada dövlət vəzifələrinə təyin olunması ilə bağlıdır.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.