Səfir: "Sərhədçilərin yerləşdirilməsi Azərbaycanla da razılaşdırılmalıdır"

Səfir: "Sərhədçilərin yerləşdirilməsi Azərbaycanla da razılaşdırılmalıdır"
5 Avqust 2021
Mətni dəyiş

“Moskva Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçiləri yerləşdirilməsinin müzakirəsində fəal iştirak edir”.

Azadlıq Radiosunun Ermənistan xidmətinin avqustun 4-də verdiyi məlumata görə, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin ictimai televiziyasına müsahibəsində deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə hökumətin iclasında bildirib ki, Azərbaycanla sərhədlərin müəyyən edilməsi zamanı hərbi toqquşmalardan qaçmaq üçün bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçiləri yerləşdirmək olar.

O, bu məsələni Moskva ilə müzakirə etmək fikrində olduğunu da vurğulayıb.

"Sərhədçilərimizin bu cür problemli bölgələrdə yerləşdirilməsi üçün xeyli əlavə vəsait, o cümlədən şəxsi heyət cəlb edilib”, - deyə Kopırkin bildirib.

O, bunun xüsusilə yolların, hər iki ölkənin ərazisindən keçən hissələrinə aid olduğunu vurğulayıb.

Sərhədin digər problemi hissələrinə gəldikdə isə Kopırkin bu məsələnin Rusiyanın fəal iştirakı ilə müzakirə olunduğunu bildirib.

Amma səfir bildirib ki, bu məsələnin müzakirəsində Azərbaycan tərəfi də iştirak etməlidir.

“Biz bu problemin vacibliyini anlayırıq və Rusiya tərəfi müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər davam etdirilir”, deyə o vurğulayıb.

Ermənistanla Azərbaycan son vaxtlar bir-birlərini sərhəd bölgələrində atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Ermənistan tərəfi Azərbaycan ordusunun bir neçə istiqamətdə onun ərazisinə daxil olaraq mövqe tutduğunu iddia edir.

Rəsmi Bakı isə bu ittihamı rədd edir və dəfələrlə bildirib ki, Azərbaycan 44 günlük son Qarabağ savaşından sonra, keçmiş Sovetlər dönəmindəki qanuni-əzəli sərhədlərini bərpa edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun