MHP Şuşada məktəb üçün yığılan pulları geri qaytarıb

MHP Şuşada məktəb üçün yığılan pulları geri qaytarıb
2 İyun 2021
Mətni dəyiş

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində məktəb binası tikdirmək təşəbbüsü ilə əlaqədar yığılan ianələr geri qaytarılıb.

Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin sədri Əhməd İgid Yıldırım mayın 31-i axşam özünün “Tvitter” səhifəsində yaydığı açıqlamada ümumilikdə 1424 nəfərin Şuşada məktəb tikintisi layihəsinə maliyyə yardımı etdiyini söyləyib. O, layihədən imtina olunduğuna görə yığılmış bütün vəsaitlərin geri qaytarıldığını vurğulayıb.

Əhməd İgid Yıldırım “Tvitter” açıqlamasında ianə vermiş şəxslər üçün telefon nömrəsi də paylaşaraq yazıb ki, pul köçürmələrinin bank hesablarına oturması prosesində hər hansı ləngimə, texniki problem yaransa, ianəçilər həmin nömrə ilə əlaqə saxlasınlar.

Bundan əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Şuşa şəhərində inşa etdirmək istədiyi məktəb layihəsindən imtina edib.

Bunu MHP-nin sədri Devlet Bahçeli “Tvitter” sosial şəbəkəsində paylaşıb.

Devlet Bahçeli bildirib ki, məktəbin tikintisini dəstəkləyən qardaşlarımızdan yardım və ianə adı altında yığılan pul təxirə salınmadan və eyni şəkildə qaytarılacaqdır.

“Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi, yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qərar onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmayacaq. Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq. Hədəf etdiyimiz məktəbə Azərbaycan Dövlət Himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi planlaşdırmışdıq. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci ili nəzərdə tutmuşduq”, -deyə Devlet Bahçeli yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun